Zaqatalada 2025-ci ilin hesabat yığıncağı keçirilib - Fotolar

zaqatalada-2025-ci-ilin-hesabat-yigincagi-kecirilib
Oxunma sayı: 985

Yanvarın 12-si Zaqatala Rayon İcra Hakimiyyətində “Zaqatalada 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı” keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 9-cu ərazi sektorunun müdiri İlqar Süleymanov, Milli Məclisin deputatı Asif Əsgərov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin nümayəndələri, qazilər, idarə, müəssisə və təşkilat rəhbərləri, KİV və rayon ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları ilk öncə Heydər Parkında Ulu Öndərin abidə kompleksini ziyarət edib, önünə gül dəstələri düzüb və xatirəsini ehtiramla yad ediblər. Sonra iştirakçılar rayonda istehsal edilən məhsulların sərgisi ilə tanış olublar.

Daha sonra tədbir Zaqatala RİH-nin konfrans zalında davam edib. Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin  və Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə hesabat məruzəsi ilə çıxış edən Zaqatala RİHB-nin müavini İlkin Şəfizadə bildirib ki, 2025-ci il ərzində rayonda 482 milyon 288 min manatlıq məhsul istehsal edilib, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 11,7 faiz çoxdur. Bu artım faktiki qiymətlərlə sənayedə 2,6 faiz, kənd təsərrüfatında 5,1 faiz, tikintidə 3,4 dəfə, nəqliyyatda 4,2 faiz, rabitədə 24,5 faiz, ticarətdə 4,8 faiz, pərakəndə əmtəə dövriyyə üzrə 4,8 faiz, pullu xidmətlər üzrə 14 faiz olub, orta aylıq əmək haqqı 11,1 faiz artıb.

Rayonun iqtisadiyyatına cari dövr ərzində 2 milyon 225 min manat həcmində özəl investisiya qoyulub, Sahibkarlığa Kömək İnkişaf Fondu tərəfindən 33 layihə üzrə 6 milyon 595 min manat güzəştli kreditlərin verilməsi təmin edilib.

Həmçinin qeyd olunub ki, hesabat dövründə büdcəyə vergi və tədiyyələr üzrə 17 milyon 788 min manat, məcburi dövlət sosial sığorta haqqları üzrə 10 milyon 646 min manat, işsizlikdən sığorta üzrə 391 min 800 manat, icbari tibbi sığorta haqları üzrə 1 milyon 784 min manat vəsait daxil olub.

2025-ci il ərzində 589 nəfərə yeni pensiya işi təyin edilib, 296 ailəyə ünvanlı sosial yardım verilib, 8936 nəfər yaşa, 3232 nəfər əlilliyə və 917 nəfər ailə başçısını itirib sosial müavinət və təqaüd alan şəxsə xidmət göstərilib.

Aqrar sektorda həyata keçirilmiş tədbirlər sayəsində rayonda bütün imkanlar səfərbər olunaraq kənd təsərrüfatı tədbirləri aqrotexniki müddətlərdə və keyfiyyətlə həyata keçirilib, 2025-ci ildə 8234,5 ha sahədə payızlıq taxıl, o cümlədən 4824,5 ha buğda, eləcə də 22548,6 ha meyvə bağlarına və 212 ha efir yağlı bitki sahələrinə aqrotexniki xidmət göstərilib, yaz-tarla işləri davam etdirilərək 3750 ha sahədə qarğıdalı, 403 ha sahədə tütün, 275 ha sahədə paxlalılar, 1648 ha sahədə kartof, 2187 ha sahədə tərəvəz, 4360,1 ha sahədə yonca, 843 ha sahədə bostan bitkiləri becərilib. Bundan başqa, rayonda dən və yaşıl yem istehsalının artırılması məqsədilə payızlıq taxıl biçinindən sonra qarğıdalı əkilərək 266 ha sahə təkrar əkinə cəlb edilib.

Yığıncaqda həmçinin 2016-cı ildə əhalinin elektrik enerjisi, təbii qaz, içməli su və digər xidmətlərlə təminatının yaxşılaşdırılması, vətəndaşların ərizə və şikayətlərinə baxılması sahəsində görülən işlər də ətraflı təhlil olunub.

Hesabat yığıncağında çıxış edən Prezident Administrasiyasının sektor müdiri İlqar Süleymanov və deputat Asif Əsgərov 2025-ci ildə respublikamızda sosial-iqtisadi sahədə qazanılan uğurlardan danışıb, rayonda görüləcək işlərlə bağlı tapşırıq və tövsiyələrini bildiriblər.

Yığıncaqda bir qrup şəxs 2025-ci ildə rayonun ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə rayon icra hakimiyyətinin Fəxri Fərmanı ilə mükafatlandırılıb.

Sonda yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.