“Virusa nəzarət edə bilmirik” - ÜST-dən xəbərdarlıq

virusa-nezaret-ede-bilmirik
Oxunma sayı: 1670

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Konqo Demokratik Respublikasında (KDR) sürətlə yayılan Ebola epidemiyası ilə bağlı narahatlıq doğuran açıqlama verib.

“Qafqazinfo”nun xəbərinə görə, ÜST-ün Səhiyyə Fövqəladə Halları və Cavab Əməliyyatları üzrə direktoru Abdirahman Mahamud bildirib ki, ölkədə yoluxmanın qarşısının alınması istiqamətində görülən tədbirlər hələlik kifayət etmir və epidemiya ilə mübarizədə ciddi çətinliklər qalmaqdadır.

“Virusa nəzarət edə bilmirik”, - o qeyd edib.

BMT-nin Cenevrədəki ofisində keçirilən mətbuat konfransında çıxış edən Mahamud deyib ki, iyunun 8-dək KDR-də 550 təsdiqlənmiş yoluxma, 101 ölüm və 19 sağalma halı qeydə alınıb. Yoluxmaların böyük hissəsi ölkənin şərqində yerləşən İturi əyalətində aşkarlanıb.

Onun sözlərinə görə, son həftələrdə yoluxma hallarının artması testlərin və təmasların izlənməsinin genişləndirilməsi ilə bağlıdır. Bunun müsbət hal olduğunu vurğulayan Mahamud əlavə edib ki, hazırda təxminən 100 şübhəli yoluxma faktı üzrə araşdırmalar davam edir.

ÜST rəsmisi bildirib ki, təşkilat KDR-də yerli hakimiyyət orqanları və beynəlxalq tərəfdaşlarla birlikdə epidemiyanın nəzarət altına alınması üçün səylərini davam etdirir.

Mahamud Uqandadakı vəziyyətə də toxunaraq, bu ölkədə 19 təsdiqlənmiş yoluxma, iki ölüm və bir ehtimal olunan ölüm halının qeydə alındığını, lakin icmalar arasında geniş yayılma əlamətlərinin müşahidə olunmadığını bildirib.

KDR-də Ebola epidemiyası mayın 15-də rəsmən elan edilib. ÜST isə mayın 17-də xəstəliyin sürətlə yayılması səbəbindən beynəlxalq ictimai səhiyyə fövqəladə vəziyyəti elan edib.

Hazırkı epidemiya Ebola virusunun nadir rast gəlinən Bundibuqyo ştammı ilə əlaqədardır. Bu variant üçün hazırda təsdiqlənmiş xüsusi müalicə və ya peyvənd mövcud deyil.

Rəsmi məlumatlara əsasən, epidemiya başlayandan bəri ümumi yoluxma hallarının sayı min nəfəri keçib.