İtaliyanın Baş naziri Corciya Meloni ABŞ Prezidenti Donald Trampla aralarında yaranan gərginliyi daha da dərinləşdirmək niyyətində olmadığını bildirib. O, Vaşinqtonla münasibətlərin yenidən normal məcraya qayıtmasının vacibliyini vurğulayıb.
“Qafqazinfo” xəbər verir ki, Meloni bu barədə Romada “La Verità” qəzetinin təşkil etdiyi tədbirdə çıxışı zamanı danışıb.
Baş nazir ABŞ Prezidentinin açıqlamalarından təəccübləndiyini desə də, polemikanı davam etdirmək istəmədiyini qeyd edib.
“Bu mübahisəni alovlandırmaq niyyətində deyiləm. İnanıram ki, ABŞ ilə ikitərəfli münasibətlər normal məcraya qayıtmalıdır”, – deyə Meloni bildirib.
Baş nazir əlavə edib ki, İtaliya hökuməti iyulun 4-də ABŞ-nin Romadakı səfirliyində keçiriləcək Müstəqillik Günü qəbulunda iştirak edəcək. Onun sözlərinə görə, İtaliyanın xarici siyasət kursu dəyişməyəcək və ABŞ ilə Avropa İttifaqı arasında güclü münasibətlərin qorunması Qərbin sabitliyi üçün vacibdir.
Meloni ABŞ-İran danışıqlarına da toxunaraq, prosesə nikbin yanaşdığını bildirib. O qeyd edib ki, İtaliya diplomatik səyləri dəstəkləməyə və zərurət yaranacağı təqdirdə Hörmüz boğazında beynəlxalq missiyada iştirak etməyə hazırdır.
Baş nazir Hörmüz boğazının bağlanmasının qlobal iqtisadiyyat üçün ciddi risk yaradacağını vurğulayaraq, naviqasiya azadlığının qorunmasının vacibliyini qeyd edib. O, həmçinin İranın nüvə silahına sahib olmamalı olduğunu bir daha təkrarlayıb.
Meloni çıxışında şəxsi həyatına da toxunaraq mayın 1-dən etibarən siqareti tərgitdiyini açıqlayıb.
Xatırladaq ki, gərginlik Donald Trampın G7 sammitindən sonra “Meloni mənimlə şəkil çəkdirmək üçün yalvarırdı” sözlərindən sonra yaranmışdı. Meloni bu iddianı qəti şəkildə təkzib edərək, “Mən və İtaliya heç vaxt heç kimə yalvarmırıq” cavabını vermişdi. Daha sonra Tramp bu fikirlərini yenidən təkrarlamış, Meloni isə ABŞ Prezidentinin açıqlamalarını “əsassız” adlandırmışdı.
Son xəbərlər
Son Xəbərlər