Tarixin ən ölümcül epidemiyası başlaya bilər - Xəbərdarlıq

tarixin-en-olumcul-epidemiyasi-baslaya-biler
Oxunma sayı: 1772

Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (Africa CDC) Şərqi Afrikada sürətlə yayılan Ebola epidemiyasının tarixdə ən ölümcül yoluxma dalğasına çevrilə biləcəyi barədə beynəlxalq ictimaiyyətə xəbərdarlıq edib.

“Qafqazinfo”nun məlumatına görə, qurum bildirir ki, maliyyə çatışmazlığı, silahlı münaqişələr və səhiyyə sistemindəki problemlər virusun nəzarətdən çıxması riskini artırır.

Hazırkı epidemiya əvvəlki iri Ebola dalğalarından fərqli olaraq, daha nadir rast gəlinən Bundibuqyo ştammı ilə əlaqələndirilir. Bu virus növünə qarşı indiyədək təsdiqlənmiş peyvənd və ya xüsusi müalicə vasitəsi mövcud deyil.

Bildirilir ki, keçmişdə əsas diqqət daha geniş yayılmış Zaire ştammına yönəldiyi üçün Bundibuqyo virusuna qarşı hazırlıqlar kifayət qədər aparılmayıb.

Hazırda xəstələrə yalnız simptomları yüngülləşdirməyə yönəlmiş dəstəkləyici müalicə tətbiq olunur. Ölüm faizi 30-50 faiz arasında dəyişən virusun peyvəndsiz yayılması epidemiya ilə mübarizəni daha da çətinləşdirir.

Epidemiyanın əsas ocağı Konqo Demokratik Respublikasının şərqidir. Virus artıq qonşu Uqandaya da yayılıb. Bölgədə davam edən silahlı qarşıdurmalar səhiyyə işçilərinin yoluxan şəxsləri izləməsini və təmas zəncirini müəyyən etməsini, demək olar ki, mümkünsüz edib.

Ümumdünya Səhiyyə Təşkilatı fövqəladə vəziyyət elan etsə də, mütəxəssislər real yoluxma sayının rəsmi statistikadan xeyli yüksək ola biləcəyini bildirirlər. Məlumata görə, virusa yoluxduğu ehtimal edilən və izlənilməsi mümkün olmayan 26 mindən çox şəxsin harada olduğu məlum deyil.

Epidemiya ilə mübarizəni çətinləşdirən digər amil isə yerli əhali arasında yayılan dezinformasiya və dövlət qurumlarına inamsızlıqdır. Bəzi sakinlər Ebola virusunun beynəlxalq maliyyə yardımı əldə etmək məqsədilə uydurulduğunu iddia edir. Bu səbəbdən bir sıra xəstələr simptomlarını gizlədir, ənənəvi dəfn mərasimlərinin məhdudlaşdırılması isə gərginliyi artırır.

Son günlərdə yerli sakinlərin müalicə çadırlarını yandırması humanitar yardım və tibbi xidmətlərin fəaliyyətini ciddi şəkildə pozub.

Bildirilir ki, əvvəlki Ebola epidemiyalarından fərqli olaraq, bu dəfə beynəlxalq maliyyə dəstəyi kifayət deyil. Böhranla mübarizə üçün tələb olunan təxminən 500 milyon dollarlıq vəsaitin cəmi beşdə biri toplanıb. ABŞ və Avropa ölkələrinin xarici yardım proqramlarında etdiyi ixtisarlar nəticəsində maska, əlcək və qoruyucu geyim kimi əsas tibbi vasitələrin çatışmazlığı yaranıb.

Xəbərdarlıq edilir ki, təcili beynəlxalq dəstək göstərilməzsə, Şərqi Afrikadakı Ebola epidemiyası indiyədək qeydə alınmış ən ölümcül yoluxma dalğalarından birinə çevrilə bilər.