İngiltərə məhkəmə sistemində ilk dəfə süni intellekt tərəfindən hazırlanmış hüquqi müdafiə uğurla nəticələnib. Süni intellekt hüquq şirkətinin hazırladığı iş sənədləri əsasında aparılan prosesdə məhkəmə iddiaçının xeyrinə qərar verib.
“Qafqazinfo” xəbər verir ki, İngiltərədə insan resursları üzrə müstəqil məsləhətçi kimi çalışan bir şəxs 7 min funt-sterlinqlik borcunu geri almaq üçün süni intellekt hüquq platformasına təxminən 400 funt-sterlinq ödəyərək hüquqi xidmət alıb.
Ötən ilin aprelində Vəkillərin Tənzimləmə Şurası (SRA) tərəfindən təsdiqlənən süni intellekt sistemi məhkəməyədək bütün hüquqi sənədləri və müdafiə materiallarını müstəqil şəkildə hazırlayıb. Sistem qarşı tərəfin peşəkar hüquq firmasının təqdim etdiyi arqumentlərə cavab verib, dörd şahid ifadəsi və üç saatlıq məhkəmə iclası üçün geniş sənəd paketi tərtib edib.
İşə Londondakı Vandsvort Rayon Məhkəməsində baxılıb və məhkəmə iddiaçının xeyrinə qərar çıxararaq, borcun ödənilməsinə hökm verib.
Süni intellekt hüquq şirkətinin həmtəsisçisi Filip Yanq bu qərarı ədalət mühakiməsinə çıxış baxımından tarixi hadisə adlandırıb. Onun sözlərinə görə, kiçik biznes sahibləri çox vaxt məhkəmə xərcləri tələb olunan məbləği üstələdiyi üçün hüquqlarını müdafiə etməkdən imtina edirlər. Süni intellekt isə hüquqi xidmətlərin dəyərini əhəmiyyətli dərəcədə azaltmaqla bu problemi aradan qaldıra bilər.
İşi qazanan şəxs də bildirib ki, adi qaydada bu prosesi aparmaq həm baha, həm də uzun və stresli olacaqdı. Süni intellektin təqdim etdiyi hüquqi dəstək sayəsində isə hüquqlarını daha rahat müdafiə edə bilib.
Məhkəmədə iddiaçını təmsil edən vəkil Dominik Li qeyd edib ki, süni intellekt işi son dərəcə dəqiq və sistemli hazırlayıb. O vurğulayıb ki, məhkəmə zalında çıxış etmək, hakim qarşısında arqumentləri təqdim etmək və prosesi idarə etmək hələ də insan vəkilin əsas üstünlüyü olaraq qalır.
Son xəbərlər
Son Xəbərlər