Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu - Fotolar

sumqayitda-milli-qurtulus-gunu-qeyd-olundu
Oxunma sayı: 222

15 İyun – Milli Qurtuluş Günü münasibətilə Sumqayıt şəhərində bayram tədbiri keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhərin idarə, müəssisə və təşkilatlarının kollektivləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak edib. 

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Sumqayıt Muğam Mərkəzində keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Milli Qurtuluş Gününün tarixi əhəmiyyətini əks etdirən sənədli film nümayiş etdirilib. Filmdə Azərbaycanın müstəqilliyinin ilk illərində üzləşdiyi mürəkkəb ictimai-siyasi vəziyyət, dövlətçiliyin ciddi təhlükələrlə üz-üzə qalması, xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı və ölkənin sabitlik, inkişaf yoluna çıxarılması geniş şəkildə əks olunub.

Tədbirdə çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bildirib ki, 1993-cü il iyunun 15-i Azərbaycan dövlətçilik tarixinin ən mühüm və taleyüklü səhifələrindən biridir. Həmin dövrdə ölkədə hökm sürən siyasi böhran, iqtisadi tənəzzül və vətəndaş qarşıdurması təhlükəsi Azərbaycanı müstəqilliyini itirmək həddinə çatdırmışdı. Məhz belə mürəkkəb bir şəraitdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev dövlətçiliyi xilas edərək ölkənin gələcək inkişafının möhkəm təməlini formalaşdırdı.

Şəhər rəhbəri qeyd edib ki, Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixində yeni inkişaf mərhələsinin başlanğıcı olmaqla yanaşı, milli birliyin, sabitliyin və dövlətçilik ənənələrinin bərpasının rəmzidir. Ümummilli Liderin rəhbərliyi ilə qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik təmin edilib, hüquqi dövlət quruculuğu istiqamətində mühüm addımlar atılıb, iqtisadi islahatlara başlanılıb, ordu quruculuğu sahəsində əsaslı dönüş yaradılıb və Azərbaycanın beynəlxalq nüfuzu yüksəlib.

Çıxışlarda bildirilib ki, bu gün Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bütün sahələr üzrə dinamik inkişaf edir, həyata keçirilən ardıcıl islahatlar Azərbaycanın qüdrətini daha da artırır. Xüsusilə 44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfər, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması Azərbaycan dövlətinin gücünü, xalq-iqtidar birliyini və Ulu Öndərin ideyalarının təntənəsini bir daha nümayiş etdirib.

Qeyd olunub ki, bu gün Azərbaycan regionun lider dövləti kimi mühüm beynəlxalq layihələrin təşəbbüskarı və iştirakçısıdır. Dövlətimizin əldə etdiyi bütün uğurların əsasında isə məhz Milli Qurtuluşdan başlayan sabitlik, güclü dövlətçilik ənənələri və xalqın öz liderinə olan inamı dayanır.

Tədbirin sonunda tanınmış incəsənət ustalarının iştirakı ilə konsert proqramı təqdim olunub.