Xəbər verdiyimiz kimi, Türkiyə ekranlarının məşhur serialı “Kızılcık Şerbeti”nin baş rol ifaçısı Doğukan Güngör (Fatih) layihədən kənarlaşdırılıb.
“Qafqazinfo”nun məlumatına görə, aktyor məsələ ilə bağlı açıqlama yayıb.
O bildirib ki, dörd mövsüm boyunca böyük həvəslə işlədiyi “Kızılcık Şerbeti” serialından uzaqlaşdırıldığını yeni öyrənib:
“Həyatda hər kəs səhv edir və mən də səhv etdim. Amma o vaxtdan bəri həm prokurorluğa, həm də ictimaiyyətə dərin təəssüf hissi ilə bildirdim ki, təmiz bir həyata doğru ilk addımları atmışam. Hər pis vəziyyətdə yaxşılığın olduğuna inanaraq, bu son hadisədən sonra özümü tamamilə işimə həsr etdim və təmiz bir həyat yaşamağa söz verdim. Amma bu gecə qəfil pis xəbərlə mən də hər kəs kimi bəzi insanların və qurumların qərar qəbul edərkən nə qədər amansız ola biləcəyinin şahidi oldum. Bu həyatda səhv edən nə ilk, nə də son insanam. Hər kəsin ikinci şansa layiq olduğuna inanmayan bu amansız insanları və qurumları vicdanlarına buraxıram və onları Allaha həvalə edirəm. Tezliklə daha yaxşı işlər görmək üçün sizinlə birlikdə olacağam. Bu çətin anlarda yanımda olan və mənə sevgilərini göstərən bütün dostlarıma, əziz izləyicilərimə və sevimli ailəmə təşəkkür etmək istəyirəm”.
Xatırladaq ki, Doğukan Güngörün serialdan çıxarılmasına səbəb narkotik testi analizlərinin müsbət çıxmasıdır.
Qeyd edək ki, Türkiyədə narkotiklə bağlı əməliyyat çərçivəsində çox sayda məşhur həbs olunub. Aralarında Hadise, İrem Derici, Birce Akalay, Kaan Yıldırım, Kubilay Aka, Mert Yazıcıoğlunun da olduğu bir çox məşhur simalar eyni istintaq çərçivəsində saxlanılıb və daha sonra sərbəst buraxılıb.

Son xəbərlər
Son Xəbərlər