Stokholm Arbitraj Tribunalı erməniəsilli rusiyalı iş adamı Samvel Karapetyanın ailəsinin “Ermənistan Elektrik Şəbəkələri” şirkətinin milliləşdirilməsi ilə bağlı məhkəmə işi üzrə vəsatətdə irəli sürdüyü bütün tələbləri rədd edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ermənistan hökumətinin Mətbuat xidməti yayıb.
Tribunal ailənin tələblərinin əsassız olduğu qənaətinə gəlib.
“Stokholm Arbitraj Tribunalı 24 dekabr 2025-ci il tarixində “Liormand Holdings Limited” şirkəti, Samvel Karapetyan, Eteri Karapetyan, Sargis Karapetyan və Karen Karapetyanın təqdim etdiyi vəsatəti tam rədd edib”, - məlumatda deyilir.
Vəsatətdə, digər məsələlərlə yanaşı, Stokholm Arbitraj Tribunalından Ermənistan Respublikasının fövqəladə arbitrin (Emergency Arbitrator) “Ermənistan Elektrik Şəbəkələri” QSC-nin lisenziyasını və onun idarəetmə orqanları üzvlərinin səlahiyyətlərini bərpa etmək, həmçinin təyin edilmiş müvəqqəti idarəçinin səlahiyyətlərinə son qoymaq haqqında 22.07.2025 tarixli qərarını yerinə yetirməməsi faktını təsdiq etmək tələb olunub. Bundan əlavə, tribunala şirkətin səhmlərinin və ya digər aktivlərinin məcburi satışını, özgəninkiləşdirilməsini və ya başqa üsulla sərəncam verilməsini qadağan etmək təklif olunub.
Xatırladaq ki, ötən il Ermənistan parlamenti “Dövlət xidmətlərini tənzimləyən orqan haqqında” və “Energetika haqqında” qanunlara “Ermənistanın Elektrik Şəbəkələri” şirkətinin milliləşdirilməsinə icazə verən dəyişiklikləri qəbul edib. Daha sonra Ermənistanın Dövlət Xidmətlərini Tənzimləmə Komissiyası Romanos Petrosyanı şirkətin müvəqqəti meneceri təyin edib.
“Ermənistan Elektrik Şəbəkələri” QSC 2016-cı ildən Samvel Karapetyan tərəfindən təsis edilmiş “Tashir” Şirkətlər Qrupuna məxsusdur. Hazırda İrəvanda ev dustaqlığında olan S.Karapetyan 4,5 milyard dollar sərvətə malikdir.
Son xəbərlər
Son Xəbərlər