Sahibə Qafarova İƏTPİ-nin 20-ci sessiyasında çıxış etdi - Fotolar

sahibe-qafarova-ietpi-nin-20-ci-sessiyasinda-cixis-etdi
Oxunma sayı: 531

İyunun 24-də Bakıda İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı (İƏTPİ) Konfransının 20-ci sessiyasının açılış mərasimi olub.

“Qafqazinfo” xəbər verir ki, mərasimdə əvvəlcə Milli Məclisin sədri Sahibə Qafarova Prezident İlham Əliyevin İƏTPİ Konfransının 20-ci sessiyasının iştirakçılarına müraciətini oxuyub.

Sonra açılış mərasimində çıxış edən Sahibə Qafarova diqqətə çatdırıb ki, Azərbaycan parlamenti İƏTPİ-nin sədrliyini öz üzərinə götürərək, İttifaqın prinsiplərinin, məqsədlərinin və ortaq dəyərlərinin inkişaf etdirilməsinə tam sədaqətlə yanaşır.

Spiker qeyd edib ki, Milli Məclisin İƏTPİ-yə sədrliyi Azərbaycanın İslam dünyası ilə həmrəyliyin və sıx əlaqələrin möhkəmləndirilməsinə olan sadiqliyini əks etdirir. Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi, müsəlman ölkələri ilə həm ikitərəfli, həm də ortaq təşkilatlarımız çərçivəsində münasibətlərin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir.

Çıxışda qeyd olunub ki, İslam Əməkdaşlıq Təşkilatı və onun üzv dövlətləri ərazilərimizin işğalı dövründə, eləcə də münaqişədən sonrakı dövrdə Azərbaycanla həmrəyliklərini həmişə ifadə ediblər. Son 30 ildə İƏT və İƏTPİ tərəfindən erməni təcavüzünü qınayan, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən 100-dən artıq qərar və qətnamə qəbul edilib.

Sahibə Qafarova bildirib ki, Azərbaycan İslam mədəniyyətini təşviq edən və İslamın sülh və mərhəmət dini kimi həqiqi mahiyyətini nümayiş etdirən çoxsaylı tədbirlər təşkil edib və təşəbbüslər irəli sürüb.

Azərbaycanın beynəlxalq hüquqa və müvafiq BMT qətnamələrinə uyğun olaraq, Əl-Qüds Əş-Şərifin Fələstin Dövlətinin paytaxtı olmaqla, İsrail-Fələstin münaqişəsinin həlli üçün iki dövlət həllini qəti şəkildə dəstəklədiyini deyən Sahibə Qafarova vurğulayıb ki, bu mövqe ölkəmizin BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı da daxil olmaqla, beynəlxalq təşkilatlardaki fəaliyyətində də öz əksini tapır.

Qeyd olunub ki, Milli Məclisin 2024-2026-cı illərdə Asiya Parlament Assambleyasına 2 illik sədrliyi, eləcə də Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinə davam edən sədrliyi dövründə Fələstin məsələsi həmişə gündəlikdə qalıb və yekun bəyannamələrdə və qərarlarda lazımi qaydada əks olunub.

Son illər ərzində ölkəmiz Fələstin xalqının humanitar ehtiyaclarını qarşılamaq üçün dəfələrlə humanitar və maliyyə yardımı göstərib və bu dəstəyini davam etdirəcək.

Milli Məclisin sədri bildirib ki, zəngin tarixinə və mədəni irsinə, böyük təbii və insan resurslarına baxmayaraq, bu gün İslam dünyası hələ də həllini gözləyən ciddi çətinliklərlə üzləşir. Yoxsulluq, sosial və iqtisadi bərabərsizliklər, silahlı münaqişələr, humanitar böhranlar, terrorizm və ekstremizm davamlı inkişaf səylərinə ağır şəkildə təsir edir və onları məhdudlaşdırır. Bu çətinlikləri aradan qaldırmaq və potensialını tam həyata keçirmək üçün İslam dünyasının sülh, tolerantlıq, harmoniya və ədalət kimi əbədi İslam dəyərlərinə uyğun olaraq birlik və həmrəyliyə ehtiyac duyduğunu bildirən spikerin sözlərinə görə, getdikcə daha mürəkkəb və qarşılıqlı əlaqəli olan bir dünyada müsəlman ölkələri üçün birgə fəaliyyət göstərmək, bir-birinə dəstək olmaq və ortaq məqsədlər uğrunda çalışmaq heç vaxt bu qədər vacib olmayıb.

Sahibə Qafarova diqqətə çatdırıb ki, son bir neçə gün ərzində nümayəndə heyətləri Parlament İttifaqının orqanları çərçivəsində səmərəli və məhsuldar görüşlər keçiriblər. Bu müzakirələr əməkdaşlığımızı daha da möhkəmləndirmək və ortaq çətinliklərə birgə həllər tapmaq əzmimizin paylaşıldığını nümayiş etdirir. Bu kontekstdə, 20-ci sessiyanın mövzusu - “Parlament əməkdaşlığı vasitəsilə İƏT üzvü olan dövlətlərdə dayanıqlı və inklüziv iqtisadi inkişafın təşviqi” - həm vaxtında, həm də olduqca aktualdır.

Spiker bildirib ki, qarşılıqlı əməkdaşlıq vasitəsilə, həmçinin regional əlaqələri möhkəmləndirən, ticarəti asanlaşdıran və İƏT-ə üzv dövlətlər arasında davamlı iqtisadi inteqrasiyaya töhfə verən təhlükəsiz, dayanıqlı nəqliyyat, tranzit və logistika dəhlizlərinin inkişafını da dəstəkləyə bilərik.

O, çıxışına yekun vuraraq, diqqətə çatdırıb ki, İƏT üzvü olan dövlətlərin Parlament İttifaqı parlamentlərimiz arasında ünsiyyət, əlaqələndirmə və əməkdaşlıq üçün mühüm institusional çərçivə təmin edir.