“Rembo” 80 yaşında... - Video

rembo-80-yasinda
Oxunma sayı: 196

Hollivudda elə aktyorlar var ki, onlar təkcə filmləri ilə deyil, həm də fiziki obrazları ilə bir dövrün yaddaşına həkk olunublar. Silvestr Stallone də onlardan biridir. Dünya kinosunun əfsanəvi simalarından olan Silvestr Stallone 80 yaşını qeyd edir. 

“Qafqazinfo” xəbər verir ki, 6 iyul 1946-cı ildə anadan olan Stallone 80 yaşını hələ də çəkiliş meydançalarında, idman zalında və yeni layihələrin içində qarşılayır. 

Onu ulduzluğa aparan yolu Hollivud tarixinin ən məşhur uğur hekayələrindən biri hesab olunur. Stallone uzunmüddətli karyerası ərzində onlarca uğurlu filmdə rol alaraq Hollivudun ən məşhur aktyorları sırasında yer alıb. Aktyor bu gün də yaradıcılıq fəaliyyətini davam etdirir və dünya üzrə milyonlarla pərəstişkarının diqqət mərkəzində qalmaqdadır. 

Uzun illər kiçik rollarla kino dünyasında yer tutmağa çalışan aktyor “Rocky” filminin ssenarisini özü yazıb və baş rolu başqa aktyora verməkdən imtina edib. 1976-cı ildə ekranlara çıxan film növbəti il “Ən yaxşı film” nominasiyasında “Oskar” mükafatına layiq görülüb. Stallone isə həm ssenari müəllifi, həm də baş rol ifaçısı kimi bir anda dünya şöhrəti qazanıb.

1982-ci ildə nümayiş olunan “First Blood” filmi isə onun ikinci əfsanəvi obrazını – Con Rembonu yaradıb. Beləliklə, Stallone karyerası ərzində həm Rokki Balboa, həm də Con Rembo kimi iki unudulmaz populyar qəhrəmanı yaradan nadir Hollivud ulduzlarından biri oldu.

Bu il nəşr olunması planlaşdırılan “The Steps” (“Pillələr”) adlı xatirə kitabında isə Stallone həyat hekayəsini ilk dəfə tam şəkildə öz dilindən oxuculara çatdıracaq.

Son dövrlər onun əsa ilə yeridiyini əks etdirən fotolar müzakirə olunsa da, aktyor qısa müddət sonra idman zalından paylaşdığı görüntülərlə hələ də məşhur “Sly” obrazını qoruyub saxladığını nümayiş etdirib. Ötən ilin dekabrında Ağ Evdə keçirilən tədbirdə əsa ilə görüntülənən Stallone, yanvar ayında “Instagram” hesabında əzələlərini nümayiş etdirdiyi məşq videosunu paylaşaraq pərəstişkarlarına “Döyüşməyə davam edin” mesajını verib.

Ötən gün isə məşhur aktyor doğum günü münasibətilə qatıldığı tədbirdən çıxarkən kameralara tuş gəlib və enerjili görünüşü ilə diqqət çəkib. Stallone yaşına baxmayaraq gümrah görünüşü və fiziki formasını qoruması ilə pərəstişkarlarının rəğbətini qazanıb. Tədbirdən olan görüntülər qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb.