Portuqaliyanın “Benfika” klubu baş məşqçi Joze Mourinyonun İspaniya nəhəngi “Real Madrid”ə keçməyə razılıq verdiyini açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun yaydığı bəyanatda bildirilir.
Qeyd edilib ki, Madrid təmsilçisi portuqaliyalı mütəxəssisin transferi üçün rəsmi müraciət edib.
Məlumata görə, “Real Madrid” Mourinyonun müqaviləsinə görə “Benfika”ya 15 milyon avro ödəyəcək.
Açıqlamada həmçinin qeyd olunub ki, Mourinyonun gedişindən sonra komandanın baş məşqçi postuna Marko Silva gətiriləcək.
Hələlik “Real Madrid” tərəfindən transferlə bağlı rəsmi təsdiq verilməyib.
Mourinyo daha əvvəl 2010-2013-cü illərdə “Real Madrid”də çalışıb. Klub prezidenti Florentino Perez seçki kampaniyası dövründə portuqaliyalı çalışdırıcını yenidən Madridə qaytarmaq niyyətində olduğunu bildirmişdi.
Perez bazar ertəsi keçirilən prezident seçkilərində qalib gələrək vəzifəsini qoruyub saxlayıb.
Son iki mövsümdə ciddi uğur qazana bilməyən “Real Madrid” bu müddətdə həm “La Liqa” çempionluğunu, həm də digər mühüm titulları əzəli rəqibi “Barselona”ya uduzub.
Son xəbərlər
Son Xəbərlər