Qaradağda tibb işçilərinin peşə bayramı qeyd edildi - Fotolar

qaradagda-tibb-iscilerinin-pese-bayrami-qeyd-edildi
Oxunma sayı: 261

17 iyun – tibb işçilərinin peşə bayramı günü münasibətilə Qaradağ Rayon İcra Hakimiyyətində tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən başçının birinci müavini Emil Abbasov, rayon icra hakimiyyətinin məsul əməkdaşları, rayonun tibb müəssisələrinin rəhbərləri, həkimlər və tibb ictimaiyyətinin nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Emil Abbasov səhiyyə sahəsində çalışan bütün tibb işçilərini peşə bayramı münasibətilə səmimi qəlbdən təbrik edib, onların cəmiyyət qarşısındakı əvəzsiz xidmətlərini və fədakar əməyini yüksək qiymətləndirib.

O bildirib ki, insan sağlamlığının keşiyində dayanmaq böyük məsuliyyət, yüksək peşəkarlıq və humanizm tələb edən müqəddəs bir peşədir. Tibb işçiləri öz zəhmətləri, biliyi və qayğıkeş münasibətləri ilə insanların sağlamlığının qorunmasına, həyat keyfiyyətinin yüksəldilməsinə və cəmiyyətin rifahına mühüm töhfə verirlər.

Emil Abbasov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli Sərəncamına əsasən, Azərbaycan Xalq Cümhuriyyəti dövründə ilk Səhiyyə Nazirliyinin yaradıldığı gün – 17 iyun ölkəmizdə tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Bu əlamətdar gün dövlətimizin səhiyyə sahəsində çalışan insanların əməyinə verdiyi yüksək dəyərin və onlara göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Çıxış zamanı vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər ölkəmizdə səhiyyə sisteminin müasirləşdirilməsi istiqamətində genişmiqyaslı islahatlar həyata keçirilir. Yeni müalicə və diaqnostika mərkəzləri tikilərək istifadəyə verilir, mövcud tibb müəssisələri əsaslı şəkildə yenidən qurulur, ən müasir tibbi avadanlıqlarla təchiz edilir. Dövlət büdcəsindən səhiyyə sahəsinə ayrılan vəsaitin ildən-ilə artırılması, əhalinin keyfiyyətli tibbi xidmətlə təmin olunması, icbari tibbi sığorta sisteminin uğurla tətbiqi və tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir.

Tədbirdə xüsusi olaraq qeyd olunub ki, ixtisasca həkim olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva səhiyyə sahəsinin inkişafına, tibb işçilərinin fəaliyyətinin dəstəklənməsinə və əhalinin sağlamlığının qorunmasına daim xüsusi həssaslıqla yanaşır. Onun təşəbbüsü və dəstəyi ilə həyata keçirilən çoxsaylı sosial və humanitar layihələr ölkəmizdə səhiyyənin inkişafına mühüm töhfələr vermiş, tibb ictimaiyyəti tərəfindən yüksək rəğbətlə qarşılanıb.

Tədbirdə səhiyyə sahəsində səmərəli fəaliyyəti, peşəkarlığı və nümunəvi xidməti ilə fərqlənən bir qrup tibb işçisinə Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən fəxri təşəkkür plaketləri təqdim olunub.

Təltifetmə mərasimindən sonra çıxış edən Lökbatan Tibb Mərkəzinin direktoru, tibb elmləri doktoru, professor Elçin Hüseynov Qaradağ rayonunun bütün tibb işçiləri adından göstərilən yüksək diqqətə, səhiyyə işçilərinin əməyinə verilən yüksək qiymətə və təşkil olunmuş tədbirə görə dərin minnətdarlığını bildirib.

Professor Elçin Hüseynov qeyd edib ki, tibb işçilərinin əməyinin qiymətləndirilməsi onlara göstərilən böyük etimadın və dövlət qayğısının təzahürüdür. O vurğulayıb ki, bu cür diqqət səhiyyə əməkdaşlarını daha məsuliyyətli fəaliyyət göstərməyə, peşəkarlıqlarını daim artırmağa və vətəndaşlara yüksəksəviyyəli tibbi xidmət göstərməyə ruhlandırır.

Çıxışında professor Elçin Hüseynov rayonun bütün tibb işçilərinin bundan sonra da dövlətçiliyimizə sadiq qalaraq, xalqımızın sağlamlığının qorunması naminə var qüvvələri ilə çalışacaqlarını, hər zaman Vətənə, dövlətə və Azərbaycan xalqına vicdanla və ləyaqətlə xidmət edəcəklərini bildirmişdir. O, tibb işçilərinin üzərlərinə düşən şərəfli missiyanı bundan sonra da yüksək məsuliyyət hissi ilə yerinə yetirəcəklərini, ölkəmizin inkişafı və vətəndaşlarımızın sağlam gələcəyi naminə bütün bilik və bacarıqlarını səfərbər edəcəklərini xüsusi vurğulayıb.

Sonda tədbir iştirakçıları ölkəmizdə səhiyyə sahəsinə göstərilən davamlı dövlət qayğısına və tibb işçilərinə verilən yüksək dəyərə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını ifadə etmiş, xalqın sağlamlığının keşiyində dayanmağın hər bir tibb işçisi üçün böyük şərəf, ali vəzifə və müqəddəs məsuliyyət olduğunu bir daha vurğulayıblar