“Qarabağ” transfer bazarının ən fəalıdır - Komandaya yeni nəfəs gəlir...

qarabag-transfer-bazarinin-en-fealidir
Oxunma sayı: 593

“Qarabağ” bu yay “transfer pənəcərəsi”ndə əvvəlki illərdə olmadığı qədər fəaldır.

“Qafqazinfo” xəbər verir ki, Ağdam klubu artıq heyətini 6 futbolçu ilə gücləndirib. 

Bir neçə oyunçunun komandadan ayrılmasından sonra “köhlən atlar” onların yerini yeniləri ilə doldurmağa çalışır. Ötən il Çempionlar Liqasında qazanılan möhtəşəm uğurdan sonra komandadan gözləntilər daha da böyüyüb. Doğrudur, “Qarabağ” bu mövsüm Avropa Liqasında iştirak edəcək. Amma azarkeşlərin və futbol camiəsinin ağdamlılardan gözləntiləri bu turnirdə 1/4, yarımfinala oynamaqdır. 

Xəbəri rus dilində oxuyun: Трансферный бум в "Карабахе" - в команду вливается новая кровь...

Avropa səhnəsindəki gözlənilməz nəticələri komandanın bu cür sürprizlərə yenidən imza ata biləcəyi ehtimalını gücləndirir. Həyata keçirilən transferlər də bunun göstəricisidir.

Mövsüm bitdikdən sonra Qurban Qurbanovun komandası Renaldo Sefas Jali Muaddib, Zakaria Savo, Samuel Lobato, Bruno Lanqa və Martin Zlomisliçi heyətə qatıb. 

Maraqlı məqam bundan ibarətdir ki, Ağdam klubu artıq transferlərini sadəcə azad agent olan futbolçular üzərindən həyata keçirmir. Lazım olan futbolçuların transferləri üçün məbləğlər ödənilir, onlar heyətə cəlb olunur. Lakin sadəcə heyətə qatılan futbolçular üçün ödənişlər edilmir, həm də başqa klublara getmək istəyən futbolçular satılır. Buna son olaraq Leandro Andradeni misal göstərmək olar. “Qarabağ”dan Ukraynanın “Polesya” klubuna keçən kabo-verdeli futbolçu üçün qarşı tərəf 3,5 milyon avro ödəniş edib. 
Bütün bu məbləğlər isə komandanın yenilənməsi üçün istifadə olunur. 

“Qarabağ” həm də Azərbaycanda keyfiyyətli, rəqabətli futbolun yaşaması üçün addımlar atmaqda davam edir. Ağdam klubunun Avropa arenalarında cızdığı uğurlu yol digər klublarımız üçün də nümunə olaraq göstərilə bilər. Çempionlar Liqasında yazdığı tarixlə qitənin brendinə çevrilə bilən “köhlən atlar” uğurların davamı üçün heyətin keyfiyyətini daha da artırır. 

Məhz onların qazandığı uğurların fonunda digər klublarımız da keyfiyyətli heyət qurmağa, avrokuboklarda yaxşı nəticə qazanmağa çalışır. 

Daha bir maraqlı məqam ondan ibarətdir ki, “Qarabağ” heyətinə qatdığı futbolçuları 1-2 günün içində transfer etmir. Onlar mövsümboyu izlənilir, diqqətdə saxlanılır, transfer üçün işlər aparılır. Dəfələrlə olub ki, bir “transfer pəncərəsi”ndə hansısa oyunçunun “Qarabağ”a keçidi gündəmdə olub, amma o növbəti transfer dövründə heyətə qatılıb. Bu isə lazımlı oyunçuların daim diqqətdə saxlanılması deməkdir. 

Bu isə keyfiyyət baxımından özünü göstərir. 

Bütün bunlardan sonra “Qarabağ”ın növbəti mövsümdə Avropa Liqasında yeni bir tarix yazacağına inam isə getdikcə artır. Azərbaycan futbolunun üz qabığı olan Ağdam klubuna olan ümidlər də çoxalmaqda davam edir.

Elsevər Məmmədov