Braziliyada yaşayan və ümumi yaşları 316 olan üç bacı uzunömürlülüyün sirrini araşdıran alimlərin diqqət mərkəzinə düşüb.
“Qafqazinfo” xəbər verir ki, 109, 104 və 103 yaşlı bacılar dünyanın ən yaşlı üç bacısı kimi Ginnesin Rekordlar Kitabına daxil edilib.
Braziliyanın San-Paulu Universitetində həyata keçirilən “DNT Longevo” layihəsi çərçivəsində alimlər bacıların genetik xüsusiyyətlərini araşdıraraq sağlam və uzun ömrün sirrini üzə çıxarmağa çalışırlar.
Layihənin rəhbəri Mayana Zats bildirib ki, məqsəd insanları qocalığın mənfi təsirlərindən qoruyan genləri müəyyən etməkdir. Onun sözlərinə görə, eyni ailədən bir neçə yüzyaşlının olması bu genlərin aşkarlanması ehtimalını artırır.
Araşdırmaçılar 90 və 100 yaşdan yuxarı sağlam insanların DNT-sini müxtəlif xroniki xəstəliklərdən və idrak zəifləməsindən əziyyət çəkən yaşıdları ilə müqayisə edirlər. Mütəxəssislər hesab edirlər ki, uzunömürlülükdə genetik amillər ətraf mühit faktorlarından daha böyük rol oynaya bilər.
Rio-de-Janeyroda yaşayan bacılar – Levita de Deus Nunes (109), Zoraide de Deus Mota (104) və Zulina de Deus Nunes (103) isə uzun ömürlərinin sirrini sağlam qidalanma və aktiv həyat tərzi ilə əlaqələndirirlər.
109 yaşlı Levita həyatına nəzər salarkən peşmançılığı olmadığını deyib: “Gözəl uşaqlığım və gəncliyim olub. Şikayət edəcək heç nəyim yoxdur”.
Uzunömürlülük üzrə beynəlxalq təşkilat olan “LongeviQuest” də hesab edir ki, bacıların bu yaşa çatmasında genetik irs qədər güclü ailə bağları və sosial dəstək də mühüm rol oynayıb.
Tədqiqatçılar layihə çərçivəsində 500-dən çox yüzyaşlının genetik məlumatını toplayaraq sağlam qocalmanın bioloji mexanizmlərini daha dəqiq müəyyənləşdirməyi hədəfləyirlər.

Son xəbərlər
Son Xəbərlər