Nazirin İsrailə səfəri davam edir - Fotolar

nazirin-israile-seferi-davam-edir
Oxunma sayı: 357

Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin İsrailə səfəri davam edir.

“Qafqazinfo” xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti İsrailin aparıcı heyvandarlıq müəssisələrində və süd emalı zavodlarında tətbiq olunan qabaqcıl təcrübələrlə tanış olub.

Görüşlər zamanı iribuynuzlu heyvanların ətlik və südlük məhsuldarlığının artırılması istiqamətində aparılan damazlıq-seleksiya işləri, emal müəssisələrində avtomatlaşdırılmış sistemlərin tətbiqi, heyvanların cins tərkibinin yaxşılaşdırılması və digər aktual məsələlər müzakirə edilib.

Nümayəndə heyəti İsrailin Kənd Təsərrüfatı və Qida Təhlükəsizliyi Nazirliyi nəzdində fəaliyyət göstərən, südlük cins mal-qaranın yetişdirilməsi üzrə elmi araşdırmalar aparılan heyvandarlıq kompleksinin, ölkənin süd məhsulları istehsal edən aparıcı emal müəssisələrinin, süni mayalanma mərkəzinin, eləcə də süd istehsalı üzrə ixtisaslaşmış fermaların fəaliyyəti ilə tanış olub.

Qonaqlara İsraildə heyvandarlığın inkişafı, cinslərin damazlıq keyfiyyətlərinin yaxşılaşdırılması istiqamətində aparılan tədqiqatlar, süd məhsullarının emal zəncirinin formalaşdırılması, yerli və xarici bazarlara çıxış imkanları və digər mövzular üzrə geniş təqdimatlar edilib.

Müəssisələrdə keçirilən görüşlər zamanı İsrailin kənd təsərrüfatı, xüsusilə heyvandarlıq sahəsində tətbiq etdiyi qabaqcıl təcrübənin öyrənilməsi məqsədilə qarşılıqlı səfərlərin təşkili, heyvandarlıq üzrə ixtisaslaşmış elmi-tədqiqat institutları arasında səmərəli əməkdaşlığın qurulması barədə ilkin razılıq əldə olunub.

Qeyd edilib ki, İsrailin heyvandarlıq sahəsində mövcud elmi-tədqiqat potensialından istifadə və bu sahədə innovativ yanaşmaların Azərbaycanın kənd təsərrüfatında tətbiqi məhsuldarlığın artırılmasına, damazlıq işinin təkmilləşdirilməsinə və istehsal proseslərinin daha səmərəli təşkilinə imkan yarada bilər. Bu əməkdaşlığın gələcək mərhələdə birgə layihələrin icrası, bilik və təcrübə mübadiləsinin genişləndirilməsi, eləcə də heyvandarlıq sektorunda dayanıqlı inkişafın təmin olunması baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.