Münhen Təhlükəsizlik Konfransı iranlı nazirə dəvəti ləğv etdi

munhen-tehlukesizlik-konfransi-iranli-nazire-deveti-legv-etdi
Oxunma sayı: 436

Dünyanın aparıcı təhlükəsizlik forumlarından biri olan Münhen Təhlükəsizlik Konfransı İranın xarici işlər naziri Abbas Əraqçiyə göndərilmiş dəvətin geri götürüldüyünü açıqlayıb.

“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, konfrans təşkilatçıları elektron poçtla yaydıqları bəyanatda bildiriblər ki, bir neçə həftə əvvəl İrandan bəzi hökumət nümayəndələrinə dəvətnamələr göndərilsə də, mövcud siyasi hadisələr nəzərə alınaraq bu dəvətlər qüvvədə saxlanılmayacaq.

Təhlükəsizlik üzrə ekspertlər və siyasətçilərin iştirakı ilə keçirilən builki Münhen Təhlükəsizlik Konfransı 13-15 fevral tarixlərində baş tutacaq. Təşkilatçılar siyasi baxımdan əhəmiyyətli töhfə verə biləcək şəxsləri dəvət etməyə çalışdıqlarını, lakin iştirakçı siyahısı formalaşdırılarkən beynəlxalq siyasi proseslərin daim nəzərə alındığını vurğulayıblar.

Rəsmi Berlin isə Almaniyanın İran rəsmilərinin konfransa dəvət edilməsinə qarşı olduğunu bildirib. Almaniya XİN-in açıqlamasında qeyd olunur ki, İranda baş verən hadisələr zamanı dini hakimiyyətə qarşı keçirilən etirazların zorakılıqla dağıdılması nəticəsində minlərlə insanın həlak olduğu barədə məlumatlar mövcuddur.