Kondisioner və ventilyator üçün yarışırlar - Video

kondisioner-ve-ventilyator-ucun-yarisirlar
Oxunma sayı: 931

Avropada davam edən rekord istilər gündəlik həyatı ciddi şəkildə çətinləşdirib. Xüsusilə Fransada temperaturun kəskin yüksəlməsi səbəbindən kondisioner və ventilyatorlara tələbat kəskin artıb, bir çox mağazalarda soyutma cihazlarının ehtiyatı tamamilə tükənib.

“Qafqazinfo”nun məlumatına görə, Fransanın müxtəlif bölgələrində insanlar mağazaların açılmasını gözləyərək, kondisioner və ventilyator almaq üçün uzun növbələr yaradıblar.

Bəzi şəhərlərdə məhsullar satışa çıxarıldıqdan cəmi saniyələr sonra tükənib.

Rəsmilərin məlumatına görə, ölkənin 37 departamentində “qırmızı həyəcan” elan edilib. Həddindən artıq istilər fonunda Fransa İdman Nazirliyi son günlərdə 55 nəfərin boğulma nəticəsində həyatını itirdiyini açıqlayıb.

Parisdə və ətraf bölgələrdə yerləşən xəstəxanalarda “təcili yardım planı” işə salınıb, əlavə çarpayılar hazırlanıb, məzuniyyətdə olan tibb personalı işə çağırılıb və qeyri-təcili əməliyyatlar təxirə salınıb.

Paytaxt Parisdə sakinlər istilərdən qorunmaq üçün sərinləmək məqsədilə Sen-Martin kanalına axın ediblər. Bəzi bölgələrdə isə insanlar evlərini günəşdən qorumaq üçün pəncərələri alüminium folqa ilə örtməyə başlayıblar.

Almaniyada da vəziyyət gərgin olaraq qalır. Havanın temperaturu bəzi bölgələrdə 40-42 dərəcə Selsiyə yüksəlib, meşə yanğınları riski ən yüksək səviyyəyə çatıb və dəmir yolu nəqliyyatında gecikmələr qeydə alınıb.

Almaniya Dəmir Yolları (Deutsche Bahn) yüksək temperaturun relslərdə deformasiyaya səbəb ola biləcəyi barədə xəbərdarlıq edərək sərnişinləri səfərlərini əvvəlcədən yoxlamağa çağırıb.

Mütəxəssislər istilik dalğasının yaxın günlərdə də davam edə biləcəyini bildirirlər.