Kolumbiyanın cənub-qərbində yerləşən Narinyo vilayətinin Santa Barbara de Iskuande ərazisindəki qızıl mədənində dəhşətli torpaq sürüşməsi baş verib. Tonlarla torpaq və qaya kütləsinin mədəni basması nəticəsində ilk müəyyənləşdirmələrə görə ən azı 15 nəfər həyatını itirib.
“Qafqazinfo” xəbər verir ki, səhər saat 08:30 radələrində qeydə alınan fəlakət zamanı mədəndə 30-dan çox insanın işlədiyi bildirilir.
Torpaq altında qalan mədənçilərin çıxarılması üçün axtarış-xilasetmə əməliyyatları davam etdirilir. Hadisə ilə bağlı açıqlanan ilkin məlumatlarda həlak olanlardan ən azı 9 nəfərin eyni ailənin üzvü olduğu qeyd olunub.
Hadisə yerinə xilasetmə qüvvələri, təhlükəsizlik əməkdaşları və tibb heyəti cəlb olunub. Yerli sakinlər də ibtidai alətlərlə xilasedicilərə kömək etməyə çalışırlar. Lakin ərazinin sıx meşəlik olması və nəqliyyatın hərəkəti üçün çətinlik yaratması xilasetmə əməliyyatlarını ləngidir. Yaralılara tibbi yardım göstərmək üçün bölgəyə xüsusi xəstəxana gəmisinin göndərilməsi planlaşdırılır.
Bölgədə fəaliyyət göstərən silahlı qruplaşmalara xilasedici və humanitar yardım heyətlərinin təhlükəsiz keçidini təmin etmək çağırışı edilib. Yerli hakimiyyət orqanları dağıntılar altında qalanların olduğunu nəzərə alaraq ölənlərin sayının artacağını istisna etmirlər.
Son xəbərlər
Son Xəbərlər