Keşişdən belə rüşvət alıb - 7 il həbs verildi

kesisden-bele-rusvet-alib
Oxunma sayı: 709

Cənubi Koreyada məhkəmə impiçment edilmiş keçmiş Prezident Yun Sok Yolun həyat yoldaşı Kim Kon Hini rüşvətxorluqda təqsirli bilərək, 7 il azadlıqdan məhrum edib.

“Qafqazinfo” xəbər verir ki, Seul Mərkəzi Rayon Məhkəməsinin qərarına əsasən, Kim Kon Hi müxtəlif iş təyinatları və kommersiya imtiyazları müqabilində ümumi dəyəri 194 min dollar olan bahalı hədiyyələr qəbul edib.

İstintaq materiallarına görə, o, dövlət müəssisəsində iş təmin etmək qarşılığında tikinti şirkəti rəhbərinin kürəkənindən 65 min dollar dəyərində zinət əşyaları, keçmiş Milli Təhsil Komissiyasının sədrinin təyinatı ilə əlaqədar qızıl tısbağa fiquru, bir keşişdən təxminən 3,5 min dollar dəyərində dizayner çantası, eləcə də, bir iş adamından bahalı saat alıb.

Məhkəmə bu hədiyyələrin 2022-ci ilin mayında Yun Sok Yolun prezident vəzifəsinə başlaması ilə 2025-ci ilin aprelində vəzifədən uzaqlaşdırılması arasındakı dövrdə qəbul edildiyini müəyyən edib.

Kim Kon Hi bundan əvvəl də ayrı bir korrupsiya işi üzrə 4 il həbs cəzasına məhkum edilmişdi.

O, 2025-ci il avqustun 12-də seçki prosesinə müdaxilə, rüşvətxorluq, Kapital Bazarları Qanunu, Siyasi Fondlar Qanunu və vasitəçilik müqabilində rüşvət alma ilə bağlı ittihamlar əsasında həbs olunub. Keçmiş birinci xanım həmçinin kilsə rəsmilərinə qanunsuz imtiyazlar verməkdə və 2009-2012-ci illərdə “Deutsch Motors” şirkətinin səhmlərinin qiymətinin manipulyasiyası ilə bağlı sxemdə iştirak etməkdə də ittiham olunur.