Keçmiş prezident kitab oxuduqca cəzası azalacaq...

kecmis-prezident-kitab-oxuduqca-cezasi-azalacaq
Oxunma sayı: 1173

Braziliyanın keçmiş Prezidenti Jair Bolsonaro çevriliş planına görə təyin olunmuş 27 il 3 aylıq həbs cəzasını kitab oxuyaraq azaltmaq niyyətindədir.

“Qafqazinfo” xəbər verir ki, Braziliya qanunvericiliyinə görə, hər oxunan kitab məhbusun cəzasından 4 gün azaldılmasına imkan verir.

Hesablamalara görə, Bolsonaro cəzasını tamamilə ləğvi üçün təxminən 2500 kitab oxumalıdır.

Braziliya Ali Məhkəməsi Bolsonaroya 2022-ci il seçkilərində məğlub olduqdan sonra demokratik quruluşu devirmək məqsədilə çevriliş planına görə həbs cəzası verib. Qərar 26 noyabr 2025-ci ildə qüvvəyə minib. Hazırda 70 yaşlı keçmiş prezident Braziliya paytaxtında yüksək təhlükəsizliklə təmin olunmuş həbsxanada saxlanılır.

Bolsonaronun oxu siyahısına yerli xalqların hüquqları, irqçilik, ətraf mühit və Braziliyanın 1964-1985-ci illər hərbi diktaturası ilə bağlı əsərlər daxildir. Siyahıdakı diqqətçəkən kitablar arasında Ana Maria Qonsalvesin 950 səhifəlik “Um Defeito de Cor”, həmçinin, Tolstoyun “Hərb və sülh” və Servantesin “Don Kixot” əsərləri yer alır.

Proqrama uyğun olaraq, məhbuslar oxuduqları hər kitab haqqında həbsxana rəhbərliyinə yazılı hesabat təqdim etməlidirlər və azaldılma yalnız bunun əsasında tətbiq olunur.

Qeyd edək ki, Bolsonaro əvvəlki açıqlamalarında “Bağışlayın, oxumağa vaxtım yoxdur. Üç ildir ki, kitab oxumuram” demişdi. Onun cəzasını azaltmaq üçün intensiv oxu proqramına başlayacağı gözlənilir.