“Diplom işimin mövzusu bu idi, 30 səhifəlik təhlil yazmışdım”

diplom-isimin-movzusu-bu-idi-30-sehifelik-tehlil-yazmisdim
Oxunma sayı: 2325

Azərbaycan Prezidenti İlham Əliyev Folklend adaları məsələsinə münasibət bildirib.

“Qafqazinfo”nun APA-ya istinadən xəbərinə görə, Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda argentinalı jurnalistin Böyük Britaniya və Argentina arasında Malvin (Folklend) adaları ilə bağlı sualını cavablandırarkən bu məsələnin nə qədər həssas olduğunu yaxşı bildiyini deyib.

“Hətta tələbə olduğum vaxt diplom işimin mövzusu da məhz İngiltərə-Argentina münaqişəsi idi. Çünki həmin hadisələr 1982-ci ildə baş vermişdi. Mən də 1982-ci ildə universiteti bitirirdim. Buna görə mövzu çox aktual idi və baş verən hadisələr barədə təxminən 30 səhifəlik təhlil yazmışdım. Düşünürəm ki, müsbət məqam ondan ibarətdir ki, mövcud vəziyyətə baxmayaraq, Böyük Britaniya və Argentina yaxşı münasibətləri qoruyub saxlayırlar. Yəqin ki, yaxın günlərdə yalnız yarımfinalda qarşılaşacağınız zaman rəqabət olacaq. Bu da ilk belə qarşılaşma deyil, əvvəllər də olub. Hesab edirəm ki, bu məsələ qarşılıqlı xoş niyyət və danışıqlar ruhunda, eyni zamanda beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının müvafiq qətnamələrinə uyğun şəkildə həll olunmalıdır.

Əsas məsələ hər bir ölkənin ərazi bütövlüyünün qorunmasıdır. Sizin də qeyd etdiyiniz kimi, Azərbaycan bu prinsipin qətiyyətli tərəfdarıdır. Bu mövqe, təbii ki, ölkəmizin ərazi bütövlüyünün vaxtilə pozulması ilə bağlı formalaşıb. Lakin biz ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdikdən sonra da bu mövqedən geri çəkilmədik. Biz heç vaxt bu məsələyə siyasi üstünlüklər və ya ayrı-ayrı ölkələrlə münasibətlər prizmasından yanaşmamışıq. Biz onu ədalət və beynəlxalq hüquq baxımından qiymətləndiririk. Mənim mesajım da budur: Öz hüquqlarınızı və suverenliyinizi qoruyun. Bu, ötən il ukraynalı dostlarımıza ünvanladığım mesajın mahiyyətcə eynisidir”, -  Azərbaycan lideri qeyd edib.