Çobanlar arasında mübahisə qanla bitdi - Yenilənib

cobanlar-arasinda-mubahise-qanla-bitdi
Oxunma sayı: 1953

Ağdam rayonunda çobanlar arasında baş verən mübahisə ağır nəticələrlə yekunlaşıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun işğaldan azad edilmiş Çullu kəndində qeydə alınıb.

İlkin məlumata görə, yeyib-içdikdən sonra çobanlar arasında yaranan mübahisə zamanı rayon sakini, 1979-cu il təvəllüdlü Elşad Gözəlov 1975-ci il təvəllüdlü Rövşən Şirinova ov tüfəngi ilə atəş açıb.

Nəticədə Rövşən Şirinov qol nahiyəsindən güllə yarası alıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb. Hazırda onun müalicəsi Ağdam Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.

Məlumata görə, hadisədən sonra Elşad Gözəlovun da meyiti tapılıb.

Faktla bağlı cinayət işi başlanılıb.

***

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, 14.06.2026-cı il tarixində saat 23:20 radələrində 2 nəfər (kişi) Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

“Yaralılara döş qəfəsinin və sağ bazunun açıq yarası, pnevmatoraks, aşağı ətrafların dəqiqləşdirilməmiş sınığı diaqnozu təyin olunub.

Vəziyyəti ağır qiymətləndirilən 1975-ci il təvəllüdlü pasiyentin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.

Göstərilən reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, 15.06.2026-cı il tarixində saat 01:20 radələrində 1979-cu il təvəllüdlü şəxsin bioloji ölüm faktı qeydə alınıb.

Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağdam rayon şöbəsinə təhvil verilib”.

Ziya Əmirxanlı