Bu şəhərin girişində sizi nəhəng at qarşılayacaq...

bu-seherin-girisinde-sizi-neheng-at-qarsilayacaq
Oxunma sayı: 1156

İyunun 11-də Romadakı Kolizeydə açılan Troya artefaktları sərgisi son illərin ən nüfuzlu beynəlxalq mədəni layihələrindən biri hesab edilir. Qədim şəhərin zəngin irsini dünyanın tanınmış mədəni məkanlarından birinə daşıyan sərgidə Türkiyənin 19 muzeyindən, o cümlədən Çanaqqaladakı Troya Muzeyindən seçilmiş 221 eksponat nümayiş olunur.

“Qafqazinfo” Türkiyə Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, onlardan 50-si İtaliyada ilk dəfə sərgilənir.

Bundan əlavə, İtaliya muzeylərinin kolleksiyalarından 80 eksponat da sərgiyə daxil edilib. Beynəlxalq ictimaiyyətin böyük marağına səbəb olan bu tədbir Troya arxeoloji irsinin zənginliyini nümayiş etdirməklə yanaşı, qədim şəhərin ümumbəşəri mədəni sərvət statusunu bir daha təsdiqləyir.

Bu sərgi ilə yanaşı, müxtəlif ölkələrdə keçirilən mədəni və elmi tədbirlər də Troya irsini daha geniş auditoriyaya çatdırmağa davam edir. Nyu-Yorkdakı Türk Evində təşkil olunan konfrans və fotosərgisindən sonra növbəti tədbirlər Niderlandda baş tutacaq. İyunun 28-də Amsterdamdakı Yunus Əmrə İnstitutunda Troya mövzusunda xüsusi foto sərgisi açılacaq. Ardınca, iyunun 29-da Troya qazıntılarının rəhbəri professor Rüstəm Aslan Leyden Universitetində konfransla çıxış edəcək.

Bu unikal irsi bütün zənginliyi ilə hiss etmək istəyən səyahətsevərlər isə Türkiyəyə, Çanaqqala şəhər mərkəzindən cəmi 30 kilometr məsafədə yerləşən qədim Troya şəhərinə dəvət olunurlar. Egey bölgəsinin şimal qapısı hesab olunan Çanaqqala Dardanel boğazının girişində yerləşən və ziyarətçilərinə fərqli təcrübələr vəd edən sahilyanı şəhərlərdən biridir. Çanaqqalanın ən dəyərli xəzinəsi isə Troya şəhəri hesab olunur.

UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən Troya bu gün erkən Tunc dövründən Şərqi Roma imperiyası dövrünədək uzanan, təxminən 5 min illik fasiləsiz yaşayış tarixini özündə əks etdirir. Arxeoloji qazıntılar nəticəsində müəyyən edilmiş on fərqli mədəni təbəqə şəhərin əsrlər boyu davam edən inkişafının canlı sübutu hesab olunur.

Qədim şəhərin girişində ziyarətçiləri nəhəng Troya atı qarşılayır. Tarixi səyahətə buradan başlayan qonaqlar Troya ərazisində yaxşı qorunub saxlanılmış daş divarları və küçələri gəzərək, əfsanələrdə adı çəkilən qəhrəmanların izlərini hiss etmək imkanı əldə edirlər.
Troya eyni zamanda Roma imperiyasının yaranması ilə bağlı rəvayətlərdə mühüm yer tutur. Vergilinin “Eneida” əsərində əbədiləşdirilən əfsanəyə görə, şəhərin süqutundan sonra Troya şahzadəsi Eney yeni bir Troya qurmaq məqsədilə uzun səyahətə çıxır. Bu gün “Eney marşrutu” kimi tanınan və Avropa Şurası tərəfindən Mədəni Marşrut statusu verilən yolun sonunda o, Latium sahillərinə çatır. Rəvayətə əsasən, onun nəslindən gələnlər eramızdan əvvəl 753-cü ildə Romanın əsasını qoyurlar.

Troya qədim şəhəri eyni zamanda Troya Şərab Marşrutunun mühüm dayanacaqlarından biridir. Geliboludan başlayaraq Eceabat və Troya üzərindən Bozcaada adasına qədər uzanan bu marşrut səyahətsevərlərə bölgənin zəngin üzümçülük və şərabçılıq ənənələrini yaxından tanımaq imkanı verir.

Çanaqqala zəngin mətbəxi ilə də seçilir. Bölgənin məşhur Ezine pendiri, yerli zeytun yağından istifadə edilərək hazırlanan tərəvəz yeməkləri və təzə dəniz məhsulları qonaqlara unudulmaz qastronomik təcrübə bəxş edir. Xüsusilə Dardanel boğazı və Saros körfəzindən ovlanan sardina balığı bölgənin ən məşhur ləzzətləri sırasında yer alır. Bu dadlar Çanaqqalanın məşhur şərabları ilə birlikdə bölgənin kulinariya mədəniyyətini daha da zənginləşdirir.