Birinin başı “işlədi”, digərinin “səliqəsi”... - İlk 90 dəqiqə

birinin-basi-isledi-digerinin-seliqesi
Oxunma sayı: 84

“Qarabağ” ötən gecə Avropa Liqasının ilk təsnifat mərhələsinin birinci görüşünə çıxdı.

Qurban Qurbanovun komandası gözlənilən yaxşı oyunu ortaya qoya bilməsə də, rahatlıqla özündən zəif rəqib üzərində qələbəni təmin etməyi bacardı.

Ağdamlıların istənilən səviyyədə oynaya bilməməsinin, əlbəttə ki, səbəbləri var. Heyətinin yenidən qurulması bunun əsas səbəbi kimi göstərilə bilər. Üstəlik, “Qarabağ” mövsümün ilk oyununu keçirdi və ənənəvi başlanğıc oldu. Qurban Qurbanovun komandası, demək olar ki, heç bir avrokubok mövsümünə pik formada başlamır. Getdikcə isə komanda fiziki gücünü artırır, oyun planını təkmilləşdirir və qitə matçlarında ağırlığını ortaya qoyur.

Futbolçuların keyfiyyətinə gəlincə, müdafiə xəttindən başlayaq. İlk oyundaca 90 dəqiqə meydanda olan macar mərkəz müdafiəçisi, Medinanı əvəzləyən Bence Varkoni kifayət qədər yaxşı göründü. Medinadan fərqli olaraq riskli oyun tərzini sevməyən futbolçu “səliqəsi”ni ortaya qoydu. Düzgün mövqe seçimi, ilk ötürmələrdəki dəqiqliyi onun haqqında yaxşı fikir formalaşdıra bilər. Hər halda, Varkoni ilk matç üçün Kevinin yoxluğunu hiss etdirmədi. Hətta daha keyfiyyətli futbolçu obrazı yaratdı.

Öyrəşdiyimiz Elvin Cəfərquliyevin mövqeyində oynayan Bruno Lanqa da pis təsir bağışlamadı. O, sürətli hücumlarda cinahında özünü göstərə bildi. Lakin Lanqanın hava ötürmələrinin daha çox olması diqqət çəkdi. Hansı ki, bu, “Qarabağ”a yad olan tərzdir. Ağdam klubunun cinah müdafiəçiləri qapı önünə hava ötürmələrini seçmirlər. Məsələn, E.Cəfərquliyev ötən mövsüm Abdullah Zubirlə mükəmməl anlaşma sayəsində daha çox cərimə meydançasına girib yerlə ötürmələrə üstünlük verirdi.

Adaptasiya prosesi yaxşı keçdikdən sonra Lanqa da daha yaxşı oynayacaq. Amma onun hava ötürmələrinə üstünlük verməsi də məşqçinin tapşırığı idi. Çünki hücum xəttinə transfer olunan Zakaria Savo “ikinci mərtəbə”də kifayət qədər yaxşı görünürdü.

Elə oyunda vurulan ilk qol da onun “başına yazıldı”. Kaşukun ötürməsindən sonra tullanaraq topu baş zərbəsi ilə yerə vuran Qambiya əsilli isveçli forvard qapıçıya şans buraxmadı. Bu isə onun hava toplarında kifayət qədər keyfiyyətli futbolçu olmasının göstəricisidir. Hər halda ilk oyuna baxanda Savonun “Qarabağ”ın axtardığı forvard olduğunu demək mümkündür. 

Bütün bunların fonunda Elvin Cəfərquliyevin qayıdışı təqdirəlayiq addım idi. Qurban Qurbanov yenə Azərbaycan futboluna olan sevgisini göstərərək Elvini bağışladı və oyuna buraxdı. Cəfərquliyev də Zubirlə necə tandem olduğunu qısa müddət də olsa, göstərməyi bacardı. Hər halda daha çox onlar birlikdə meydanda olsaydılar, daha çox kombinasiyalar izləyərdik. Q.Qurbanov hətta mətbuat konfransında Elvindən çox danışmamaqla onu daha çox qorudu.

Digər meydana çıxan transferlər də pis görünmədi. Xüsusən sol cinah vingeri olaraq oyuna daxil olan Renaldo Sefasın canfəşanlığı və ağıllı oyunu diqqət çəkdi. Kifayət qədər təhlükəli görünən yamaykalı oyunçunun növbəti matçlarda daha çox xeyir verəcəyini gözləmək olar.

Portuqaliyadan gələn Samuel Lobato da ilk baxışdan uğurlu transfer kimi göründü. Bundan öncə çıxış etdiyi “Portimonense” klubunda önəmli fiqur olan Lobatonun özünü sübut etmək üçün kifayət qədər zamanı olacaq. Görünüş olaraq “Sabah”dakı İvan Lepinitsanı xatırladan oyunçunun mərkəz xəttində effekt verəcəyinə inanırıq.

Yeganə inamsız görünən Jali Muaddib oldu. Kiprin “Omoniya” (Aradipu) klubundan heyətə cəlb olunan futbolçu ötürmələrdə səhvlərə yol verdi. Düzdür, onun haqqında fikir yürütmək üçün çox tezdir. Amma ilk matçda keyfiyyət göstərə bilmədi.

Ümumi baxsaq, klub prezidenti Tahir Gözəlin də dediyi kimi “Qarabağ” yenilənib. Görünən odur ki, alınan futbolçular da yüksəködənişli oyunçulardır. Hər halda bütün bunların nəticəsini Avropa arenalarında görəcəyik.

Böyük ehtimalla “Qarabağ” yenə heyətə futbolçu cəlb edəcək. Yeni tarix yazmaq üçün yeni “Qarabağ” gücünü göstərə biləcək...

Elsevər Məmmədov