Bakıda ağır qəza - 4 ölü - Yenilənib

bakida-agir-qeza
Oxunma sayı: 9727

Bu gün paytaxtın Qaradağ rayonunda ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, saat 14:20 radələrində Bakı-Qazax avtomobil yolunun 21-ci kilometrliyində “Mercedes Atego” markalı, 88-BG-741 dövlət qeydiyyat nişanlı yük avtomobili sürücünün idarəetməni itirməsi nəticəsində dəmir maneəyə çırpılaraq aşıb.

Hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək, yollarda diqqətli olmağa, sürət həddini və ara məsafəsini gözləməyə, nəqliyyat vasitəsini idarə edərkən diqqəti yayındıran hərəkətlərdən çəkinməyə çağırıb: “Səfərdən əvvəl avtomobilin texniki vəziyyətinin yoxlanılması, yorğun və yuxusuz halda sükan arxasına keçilməməsi vacibdir”.

***

Fövqəladə Hallar Nazirliyi də hadisə ilə bağlı məlumat yayıb.

Bildirilib ki, qurumun “112” qaynar telefon xəttinə paytaxtın Qaradağ rayonu, Qaradağ qəsəbəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Mercedes Atego” markalı yük avtomobilinin dəmir arakəsmələrə çırpılması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və vətəndaşların deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrinin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan 4 nəfərin meyiti və bir nəfər sağ olaraq çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

***

“Report”un məlumatına görə, Qaradağda 4 nəfərin öldüyü yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.