Bu gün Ağdaşda Heydər Əliyev Mərkəzində Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin Partiyanın VIII Qurultayındakı çıxışından irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib.
“Qafqazinfo” xəbər verir ki, müşavirədə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları, ağsaqqallar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Məruzə ilə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə yeni ictimai-siyasi və geosiyasi vəziyyətdə keçirilən VIII Qurultayda cənab Prezidentin ölkənin gələcək inkişafına hesablanmış proqram xarakterli çıxışının əhəmiyyətindən danışıb. Bildirilib ki, Prezidentin bəyanatları xalqımızın milli maraqlarına söykənən strateji hədəfləri, təhlükəsizlik məsələlərini və əhalinin sosial rifahının yaxşılaşdırılmasını əhatə edir. Vurğulanıb ki, Ulu Öndərin ideyalarına sadiqliyin ən bariz nümunəsi Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməkdir. Dövlət başçısının tapşırıqlarından irəli gələrək hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşür və hər kəs öz sahəsində bilik və bacarığını xalqımızın rifahı və gələcəyi üçün əsirgəməməlidir.
Müşavirənin gündəliyinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasından sonra keçirilən YAP-ın VIII Qurultayının tarixi önəmindən və müəyyənləşdirilmiş prioritet istiqamətlərdən bəhs edən geniş çıxışlar dinlənilib. Çıxışlarda ideoloji təhlükəsizliyin təmin edilməsi, gənclərin milli-mənəvi dəyərlər ruhunda vətənpərvər tərbiyəsi, azad olunmuş ərazilərdə həyata keçirilən “Böyük Qayıdış” proqramının uğurla davam etdirilməsi, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı, eləcə də kənar ideoloji təsirlərə və anti-Azərbaycan qüvvələrin qərəzli kampaniyalarına qarşı milli həmrəyliyin gücləndirilməsi mühüm vəzifələr kimi vurğulanıb.






Son xəbərlər
Son Xəbərlər