ABŞ İranı hədələdi - “Trampla oyun oynamayın”

abs-irani-hedeledi
Oxunma sayı: 1074

ABŞ Dövlət Departamenti İranın Amerika hərbi bazalarına qarşı mümkün hücum planları ilə bağlı xəbərdarlıqlara sərt cavab verərək, Tehranı “Prezident Trampla oyun oynamamağa” çağırıb.

“Qafqazinfo” xəbər verir ki, Dövlət Departamenti rəsmi bəyanatını özünün farsdilli “X” hesabında paylaşıb.

Bəyanatda vurğulanır ki, əgər İslam Respublikası Amerika hədəflərinə hücum edərsə, “çox güclü bir qüvvə” ilə qarşılaşacaq:

“Biz bunu əvvəllər də demişik və bir daha deyəcəyik: Prezident Trampla oyun oynamayın”.

Qeyd edək ki, bu kəskin xəbərdarlıq İranın regional müttəfiqləri vasitəsilə ABŞ-nin Yaxın Şərqdəki, o cümlədən Qətər və Səudiyyə Ərəbistanındakı bazalarına zərbə endirə biləcəyi barədə yayılan iddialardan sonra gəlib. Pentaqon artıq ehtiyat tədbiri olaraq Qətərdəki Əl-Udeyd hava bazasından bəzi personalın çıxarıldığını və bölgəyə əlavə “Patriot” raketdən müdafiə sistemlərinin yerləşdirildiyini təsdiqləyib.

Xatırladaq ki, İranda davam edən kütləvi etirazlar və hakimiyyətin nümayişçilərə qarşı sərt rəftarı Vaşinqtonla Tehran arasındakı gərginliyi son illərin ən yüksək həddinə çatdırıb.