Braziliya futbolunun əfsanəsi Ronaldinyo uzun illərdən sonra yaşıl meydanlara qayıdır.
“Qafqazinfo” xəbər verir ki, İtaliyanın C Seriyası təmsilçisi “Ravenna” 46 yaşlı sabiq ulduzun oyunçu kimi komandaya qoşulduğunu rəsmən açıqlayıb.
Məlumata görə, Ronaldinyo yeni komandasında 10 nömrəli formanı geyinəcək. O, transferdən sonra ilk açıqlamasında futbola qayıtdığı üçün həyəcanlı olduğunu bildirib.
“Yeni rənglər, eyni təbəssüm. Yenidən topla rəqs etməyi və İqnazio Çipriani ailəsi ilə birlikdə yeni bir hekayə yazmağı səbirsizliklə gözləyirəm. Futbol mənim üçün həmişə sevinc olub. İndi isə bu sevinci Ravennaya gətirmək istəyirəm. Qoy sehr başlasın”, – deyə Ronaldinyo bildirib.
Ronaldinyo sonuncu dəfə 2015-ci ildə Braziliyanın “Fluminense” klubunun formasını geyinmiş, həmin ilin sentyabrında müqaviləsinin ləğvindən sonra peşəkar futbol karyerasını başa vurmuşdu.
Son günlər onun “Ravenna” ilə əməkdaşlıq edəcəyi barədə xəbərlər yayılsa da, bunun yalnız reklam xarakterli olacağı, yoxsa futbolçu kimi çıxış edəcəyi məlum deyildi. Klubun rəsmi açıqlaması isə Ronaldinyonun heyətdə oyunçu kimi yer alacağını təsdiqləyib.
Ronaldinyonun təqdimat mərasimi ABŞ-nin Mayami şəhərində keçiriləcək. Tədbirdə klubun yeni mövsüm forması da təqdim olunacaq. Braziliyalının adı və 10 nömrəsi əks olunan forma artıq satışa çıxarılıb.
2005-ci ildə “Qızıl top” mükafatına layiq görülən Ronaldinyo karyerası ərzində “Barselona”, PSJ, “Milan”, “Flamenqo” və digər klubların formasını geyinib. O, həmçinin Braziliya millisinin heyətində dünya çempionu olub.
Qeyd edək ki, “Ravenna” İtaliya futbolunun üçüncü divizionu olan C Seriyasında çıxış edir. Klubun sahibi ABŞ-də fəaliyyət göstərən iş adamı İqnazio Çipriani doğma şəhərinin komandasını yenidən yüksəltmək məqsədilə bu layihəyə rəhbərlik edir. Klub rəhbərliyində “Milan”ın sabiq funksioneri Ariyedo Brayda da yer alır.

Son xəbərlər
Son Xəbərlər