Yük maşını xarab oldu, 50 nəfər susuzluqdan öldü

yuk-masini-xarab-oldu-50-nefer-susuzluqdan-oldu
Oxunma sayı: 635

Nigerin şimalında, Böyük Səhrada sərnişin daşıyan yük maşınının xarab olması nəticəsində ən azı 50 nəfər susuzluqdan həyatını itirib.

“Qafqazinfo” xəbər verir ki, Malidən Niger istiqamətində hərəkət edən yük maşını Niger-Əlcəzair sərhədinə yaxın ərazidə, Assamaka yaşayış məntəqəsindən təxminən 80 kilometr aralıda nasazlıq səbəbindən dayanıb.

Nəqliyyat vasitəsində olan sərnişinlər günlərlə səhrada kömək gözləməli olublar.

Bildirilir ki, sərnişinlərdən yalnız iki nəfər uzun və çətin yolu qət edərək, Assamakaya çatmağa və yardım istəməyə nail olub. Hadisə yerinə göndərilən axtarış-xilasetmə qrupları yük maşınının ətrafında çoxsaylı cəsədlər aşkar ediblər.

Nigerdəki Aqadez qubernatorluğunun məlumatına görə, sərnişinlər günlərlə nəqliyyat vasitəsini təmir etməyə çalışsalar da, buna nail ola bilməyiblər. Həddindən artıq isti hava və içməli su çatışmazlığı nəticəsində azı 50 nəfər susuzluqdan ölüb.

Həlak olanların cəsədləri daha sonra kütləvi məzarlıqda dəfn edilib.

Xilasetmə qrupları geri qayıdarkən səhrada qalmış daha bir yük maşını aşkarlayıblar. Akkumulyator nasazlığı səbəbindən üç gün hərəkətsiz qalan nəqliyyat vasitəsində 60-dan çox insan olub.

Niger hərbçilərinin dəstəyi ilə sərnişinlərə su və ilkin yardım göstərilib, yük maşını təmir edilərək, insanlar təhlükəsiz əraziyə təxliyə olunublar.