Yeni əməkdaşlar and içdilər - Fotolar

yeni-emekdaslar-and-icdiler
Oxunma sayı: 3609

23 iyun - dövlət qulluqçularının peşə bayramı münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) sistemində daimi dövlət qulluğuna yeni qəbul edilmiş əməkdaşların andiçmə mərasimi olub.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı ƏƏSMN məlumat yayıb.

Bildirilib ki, tədbir iştirakçılarını peşə bayramları günü münasibətilə təbrik edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 2000-ci il iyulun 21-də “Dövlət qulluğu haqqında” Qanunun qəbul edildiyini, 25 il əvvəl qəbul olunan bu qanunun Ulu Öndərin rəhbərliyi ilə dövlət idarəçilik sistemində aparılan islahatların mühüm nailiyyəti olduğunu deyib.

O, ötən dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə dinamik tərəqqiyə və tarixi zəfərə nail olan Azərbaycanda dövlət qulluğu sisteminin də davamlı inkişafının təmin edildiyini vurğulayıb.

R.Mustafayev nazirlik sistemində daimi dövlət qulluğuna yeni qəbul edilmiş əməkdaşların sosial islahatlar prosesində, sosial müdafiə və məşğulluq tədbirlərində, əhaliyə xidmətlərin vətəndaş  məmnunluğuna uyğun göstərilməsi işlərində daim səylə çalışaraq öz töhfələrini verəcəyinə əminliyini bildirib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Nazirliyin Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri Nərmin Bayramova çıxış edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində qulluq keçən dövlət qulluqçularının inkişaf dinamikası barədə  məlumat verib.

Tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib və yeni işə qəbul olunan 51 nəfər əməkdaş and içib. Onlar çıxış edərək dövlət qulluğu sistemində daim şərəflə çalışacaqlarını,  göstərilən inam və etimadı layiqli səviyyədə doğruldacaqlarını vurğulayıblar. Dövlət qulluğuna yeni qəbul olunmuş əməkdaşlara xidməti vəsiqələr təqdim olunub.

Nazirliyin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində təşkil olunan tədbir Mərkəz  tərəfindən hazırlanan bədii hissə ilə davam edib.