Bir sıra hərbi qulluqçuların rütbədə olma müddəti ilə bağlı qanunvericiliyə dəyişiklik edilir.
“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Hərbi xidmətkeçmə haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Qanun layihəsini Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev təqdim edib.
Layihəyə əsasən, Silahlı Qüvvələrin və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının (dövlət orqanlarının strukturuna daxil olan qurumların) sifarişi əsasında ali təhsil müəssisələrinin magistratura (rezidentura) səviyyəsini müvəffəqiyyətlə bitirmiş, habelə doktoranturada (adyunkturada) təhsilini başa vuraraq müvafiq elmi dərəcə almış zabitlərin hərbi rütbədə olma müddəti ali təhsilin göstərilən səviyyələrinin hər biri üzrə bir dəfə olmaqla 1 il azaldılır.
Leytenant hərbi rütbəsində olma müddəti təhsil müddəti 5 il olan hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrini bitirmiş hərbi qulluqçular üçün – 2 il (aviasiyanın uçuş heyətində və sualtı gəmilərdə xidmət edən hərbi qulluqçular üçün – 1 il), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi digər hallarda – 1 il müəyyən edilir.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Nuranə Daxilqızı
Son xəbərlər
Son Xəbərlər