Tbilisidə BMT-nin Dövlət Xidmətləri Forumunun açılış mərasimi - Fotolar

tbiliside-bmt-nin-dovlet-xidmetleri-forumunun-acilis-merasimi
Oxunma sayı: 156

Gürcüstanın Tbilisi şəhərində BMT-nin Dövlət Xidmətləri Forumunun açılış mərasimi olub. Tədbirdə 100-ə yaxın ölkədən 420 nümayəndə, o cümlədən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) nümayəndə heyəti iştirak edir.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı ƏƏSMN məlumat yayıb.

Bildirilib ki, açılış mərasimində Gürcüstanın Baş naziri İrakli Kobaxidze, ədliyyə naziri Paata Salia və BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Li Junhua çıxış edərək Forumun əhəmiyyətini vurğulayıblar.

Tədbir çərçivəsində “Heç kəsi geridə qoymamaq üçün inteqrasiya olunmuş xidmət göstərmə sistemləri” mövzusunda keçirilən panel iclasında DSMF-nin İdarə Heyətinin sədri Zəka Mirzəyev əlçatan və insan mərkəzli ictimai xidmətlərlə bağlı məruzə ilə çıxış edib. O,  Azərbaycanda son illər sosial sığorta və sosial təminat sahəsində aparılan islahatların uğurları, bu sahədə tətbiq olunan innovativ yeniliklər barədə məlumat verib.

Azərbaycanda dövlət sosial xidmətlərinin rəqəmsallaşdırılması və proaktiv qaydada göstərilməsi, bu xidmətlərin göstərilməsi prosesində operativliyin və şəffaflığın, vətəndaş məmnunluğunun təmin olunması istiqamətində əldə olunan nailiyyətlər, habelə ölkəmizin sığorta-pensiya və sosial təminat sistemi ilə bağlı hədəflər diqqətə çatdırılıb.

Forumun digər sessiyalarında rəqəmsal inklüzivlik və iştirakçı idarəetmə vasitəsilə inklüziv dövlət idarəçiliyinin inkişafı, hökumətin hesabatlılığının və ictimai etimadın gücləndirilməsi üçün şəffaflıq mexanizmləri müzakirə olunub.

Bununla yanaşı, inklüziv, innovativ və gələcəyə hazır dövlət qurumları üçün bərabər iştirakın təşviqi, bu sahəni inkişaf etdirmək üçün rəqəmsal transformasiyanın idarə edilməsi, dövlət xidmətlərinin göstərilməsi üçün rəqəmsal ictimai infrastruktur və s. mövzularda çıxışlar edilib. Əlçatan və insan mərkəzli ictimai xidmətlər, dezinformasiyaya qarşı mübarizə və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.