Məktəblilərin Respublika İdman Olimpiadası çərçivəsində keçirilən gimnastika yarışlarının ilk günündə qaliblər sırasında Şuşa şəhər Uşaq-Gənclər İdman Məktəbinin təmsilçisi Kamilla Bağırova da yer alıb.
“Qafqazinfo” xəbər verir ki, gənc gimnast yarışda uğurlu çıxış edərək III yerə layiq görülüb.
Kamilla Bağırova bildirib ki, əldə etdiyi nəticə onun üçün böyük qürur mənbəyidir:
“Bu gün medalçılar sırasında yer almaq mənim üçün böyük qürurdur. Sevincliyəm, həm də ona görə ki, doğma Şuşamızın Uşaq-Gənclər İdman Məktəbini təmsil edirəm. Medal qazanmağım həyatımın ən dəyərli və unudulmaz anlarından biridir. Yarış zamanı yalnız özüm üçün deyil, təmsil etdiyim Şuşa üçün də çıxış etdiyimi hiss edirdim. Yarış meydançasına hər dəfə çıxanda düşünürdüm ki, mən yalnız bir idmançı deyil, həm də gözəl Şuşamızın təmsilçisiyəm”.
O qeyd edib ki, bu uğurun arxasında uzunmüddətli zəhmət dayanır:
“3 yaşımdan gimnastika ilə məşğulam. Məşqçim Züleyxa İsmayılova hər zaman mənə inanıb, məqsədlərimə çatmaq üçün məni ruhlandırıb. Bu medalda, eləcə də digər yarış və beynəlxalq turnirlərdə əldə etdiyim nailiyyətlərdə onun əməyi böyükdür. Bu uğuru məşqçimə, ailəmə və mənə dəstək olan hər kəsə həsr edirəm”.
Kamilla Bağırova vurğulayıb ki, Şuşanın adını belə mötəbər yarışda qaliblər sırasında təmsil etmək onun üçün xüsusi anlam daşıyır:
“Şuşanı qaliblər sırasında təmsil etmək qazandığım uğurun ən dəyərli hissəsidir. Bu, mənim üçün sadəcə idman nailiyyəti deyil, həm də böyük qürur və məsuliyyətdir”.
Gənc idmançı Məktəblilərin Respublika İdman Olimpiadasının iştirakçılar üçün mühüm təcrübə olduğunu da qeyd edib. O bildirib ki, yarışın yüksək səviyyədə təşkili və idmançılara göstərilən diqqət onun motivasiyasını daha da artırıb.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və müvafiq idman federasiyalarının dəstəyi ilə keçirilən Məktəblilərin Respublika İdman Olimpiadası ölkədə ilk dəfə təşkil olunur. Olimpiada çərçivəsində müxtəlif idman növləri üzrə yarışlar davam edir.
Son xəbərlər
Son Xəbərlər