Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 23 İyun - Dövlət Qulluqçularının Peşə Bayramı qeyd edilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısının müavinləri, rayonun dövlət qulluqçuları iştirak ediblər.
Rayon rəhbərliyi və Suraxanı rayonunda çalışan dövlət qulluqçuları əvvəlcə Ümummilli liderin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət edərək abidə önünə gül dəstələri düzüblər.
Daha sonra Rayon İcra Hakimiyyətinin konfrans zalında davam edən tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Tədbiri giriş nitqi ilə açan Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev dövlət qulluqçularını peşə bayramı günü münasibətilə təbrik edərək onlara məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayıb. Rayon rəhbəri çıxışında dövlət qulluğunun cəmiyyət və dövlət həyatındakı mühüm rolundan bəhs edərək bildirib ki, dövlət qulluğu yalnız peşə fəaliyyəti deyil, həm də vətəndaşlara xidmət missiyasıdır. O vurğulayıb ki, dövlət qulluqçuları öz fəaliyyətlərində qanunun aliliyini, şəffaflığı, obyektivliyi və vətəndaş məmnunluğunu əsas prinsip kimi rəhbər tutmalı, dövlət başçısının etimadını yüksək peşəkarlıq və məsuliyyət hissi ilə doğrultmalıdırlar. Adil Əliyev qeyd edib ki, müasir dövlət idarəçiliyinin səmərəliliyi məhz peşəkar, savadlı və vətənpərvər dövlət qulluqçularının fəaliyyətindən asılıdır.
Tədbirdə çıxış edən YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov dövlət qulluğunun ölkənin inkişaf strategiyasının həyata keçirilməsində mühüm rol oynadığını qeyd edib, dövlət qulluqçularının cəmiyyətlə dövlət arasında etibarlı körpü funksiyasını yerinə yetirdiklərini vurğulayıb. O, dövlət idarəçiliyində səmərəliliyin artırılması, vətəndaş məmnunluğunun təmin olunması və milli maraqların qorunması istiqamətində dövlət qulluqçularının üzərinə böyük məsuliyyət düşdüyünü bildirib.
Rayon prokuroru Rəşid Mahmudov çıxışında dövlət qulluqçularının fəaliyyətində qanunçuluq, ədalət və məsuliyyət prinsiplərinin xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb. O qeyd edib ki, dövlət qulluqçularının peşəkarlığı və vətəndaşlara münasibətdə yüksək etik davranışı dövlət-vətəndaş münasibətlərinin möhkəmlənməsinə xidmət edir.
Dövlət Təhlükəsizliyi Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov isə çıxışında dövlət qulluğunun milli maraqların qorunması, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və ictimai sabitliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, hər bir dövlət qulluqçusu fəaliyyətində yüksək peşəkarlıq, vətənpərvərlik və dövlətə sədaqət prinsiplərinə sadiq qalmalıdır.
Sonda dövlət qulluğunda səmərəli fəaliyyətinə görə və rayonun ictimai həyatında fəal iştirakına görə fərqlənən bir qrup dövlət qulluqçusu Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Fəxri fərmanları ilə təltif olunub.




Son xəbərlər
Son Xəbərlər