“Son tapşırığımız Şuşaya gedən yolu bağlamaq idi” - Vətən Müharibəsi Qəhrəmanı danışır

son-tapsirigimiz-susaya-geden-yolu-baglamaq-idi
Oxunma sayı: 992

Müharibənin elə anları var ki, illər keçsə də, yaddaşdan silinmir. Kəlbəcərdən Şuşayadək döyüş yolu keçmiş polkovnik-leytenant Qəzənfər Bağırlının xatirələrində belə hadisələr az deyil. O, müharibədə göstərdiyi xidmətlərə görə Ali Baş Komandan, Prezidentin Sərəncamı ilə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb. Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələri Komandanlığında tabor komandiri kimi döyüşlərdə iştirak etmiş, hazırda isə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Əməliyyat şöbəsinin rəisi vəzifəsində xidmət edən Qəzənfər Bağırlı “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətdə fərqlənməyə görə”, “Cəsur döyüşçü”, “Şücaətə görə” və digər medallarla təltif edilib.

“Qafqazinfo” onunla müsahibəni təqdim edir:

– Cənab polkovnik-leytenant, Vətən müharibəsinin başlamasından altı il ötür. Gəlin, o günlərə qayıdaq. Müharibə xəbərini harada aldınız və həmin gün nələr baş verdi?

– Bəli, tarixi Zəfərimizdən, işğal altında olan torpaqlarımızın azad edilməsindən altı il ötür.

Altı il bundan əvvəl mən xüsusi təyinatlı qüvvələrdə xüsusi əməliyyat qrupunun komandiri vəzifəsində xidmət edirdim. Hər zaman olduğu kimi, xüsusi təyinatlı qüvvələr gecə-gündüz təlimlərdə idi. Təlimlərdə olduğumuz vaxt müharibənin başlanması xəbərini aldıq və birbaşa təlimlərdən cəbhəyə, düşmənin əks-hücumlarının qarşısını almaq üçün Murovdağ, yəni Kəlbəcər istiqamətinə yollandıq.

– İlk döyüş tapşırığınızı hansı istiqamətdə yerinə yetirdiniz? Sonrakı döyüş yolunuz necə davam etdi?

– Müharibə başlayanda öz qrupumla birlikdə hücum əməliyyatı taborunun tərkibində Kəlbəcər, Murovdağ istiqamətində döyüşə başladıq. Qarşımıza qoyulmuş tapşırıqları bir-bir uğurla yerinə yetirirdik.

Döyüş yolum Kəlbəcərdə başladı. İki gün Kəlbəcərin yüksək dağlıq ərazilərində düşmənlə üz-üzə döyüşlərə girərək qarşımıza qoyulmuş bütün tapşırıqları uğurla yerinə yetirdik. Göstərişə əsasən Kəlbəcər rayonundan Füzuli rayonu istiqamətinə yerimizi dəyişdik.

Bundan sonrakı döyüş yolum Horadizdən başlayaraq Cəbrayıl istiqamətində davam etdi. Cəbrayılın Nüzgar, Şeybey, Daşkəsən kəndləri və Cəbrayıl şəhərinin azad olunması uğrunda döyüşlərdə iştirak etdik.

Cəbrayıl şəhəri azad olunduqdan sonra şəhərin ümumi axtarışını mənim qrupum və baş leytenant Camallı Şahinin qrupu birlikdə həyata keçirdik. Şəhər düşməndən tam təmizləndi.

Növbəti tapşırığımız Hadrut istiqamətində idi. Qarşımıza yaşayış məntəqələrinin, kəndlərin düşməndən təmizlənməsi, düşmənin nəzarətində olan strateji yüksəkliklərin ələ keçirilməsi kimi tapşırıqlar qoyulmuşdu. Bu tapşırıqları uğurla yerinə yetirərək hərəkətimizi Hadrut istiqamətində davam etdirdik.

Oktyabrın 8-dən 9-na keçən gecə xüsusi təyinatlı qüvvələrin şəxsi heyəti artıq Hadrut yaşayış məntəqəsinə sızmışdı. Şəhər gecədən tam nəzarətimizdə idi. Səhər açılanda düşmən anladı ki, Azərbaycan əsgəri Hadrutu azad edib. Onlara qaçmaqdan başqa yol qalmadı.

Hadrut azad olunduqdan sonra ətraf yaşayış məntəqələri də düşməndən təmizləndi.

Ətrafdakı ən yüksək strateji yüksəklik Ərgünəş dağı idi. Xüsusi təyinatlı qüvvələrin digər qrupları və bölmələri artıq Ərgünəş dağını nəzarətə götürmüşdülər.

Hadrut tam nəzarətə götürüldükdən sonra bizə Füzuli şəhərinin azad olunması üçün döyüş tapşırıqları verildi.

– Deyəsən, Füzuli uğrunda döyüşləri çətin keçib...

– Bizim üçün ən çətin döyüşlərdən biri Füzuli şəhərinin azad olunması oldu. Füzuli şəhəri tamamilə düşmənin nəzarəti altında idi. Strateji yüksəkliklər də düşmənin əlində idi.

Biz əvvəlcə Füzuli şəhərinə yaxın ərazidə yerləşən 720 yüksəkliyini ələ keçirdik. Ərazidə hər tərəfi görməyə imkan verən ən əlverişli strateji yüksəklik oraydı.

Xüsusi əməliyyat qrupu 720 yüksəkliyində yerləşdi. Düşmən dəfələrlə həmin yüksəkliyi geri almağa çalışdı, əks-hücumlar etdi. Ancaq yüksəkliyi əldən vermədik. Azərbaycan əsgəri canı, qanı bahasına ələ keçirdiyi yüksəkliyi əldə saxladı.

Növbəti tapşırıq Sığınaq kəndi istiqamətində idi. Hərəkətimiz zamanı düşmən pusqusuna məruz qaldıq. Ağır döyüşlər getdi. Ümumilikdə beş nəfər yaralımız oldu.

Heç vaxt unutmaram həmin döyüşü. Çünki həmin döyüşdə bayaq adını çəkdiyim baş leytenant Camallı Şahin, kapitan Dövlətbəy Yunusov kimi zabitlər yaralandılar. Yaralanmalarına baxmayaraq, onlar döyüşün sonuna qədər döyüşdülər. Təxliyə olunmaq, hospitala, yaxud tibb məntəqəsinə getmək istəmədilər.

Bunu da qeyd etmək istəyirəm ki, Füzulidə döyüşlər zamanı tabor komandirimiz polkovnik-leytenant Mahir Babayev yaralandı. Bundan sonra taboru mənim sərəncamıma verdilər. Qrup komandiri kimi taboru idarə etmək artıq mənim üzərimə düşürdü.

– Laçın–Şuşa yolunun bağlanması Şuşanın azad edilməsi baxımından mühüm əhəmiyyət daşıyırdı. Sizə verilən bu tapşırığın icrası necə baş verdi?

– Strateji yüksəkliklər ələ keçirildikdən sonra Laçın–Şuşa yolunun bağlanması tapşırığı gəldi. Tapşırığı qrup komandirləri ilə birlikdə qısa müddətdə müzakirə edib onun icrası üçün hərəkətə başladıq.

Laçından Şuşaya gələn yolun sağ tərəfində Zarıslı kəndi yerləşirdi. Biz Zarıslı kəndi istiqamətindən, 1902 yüksəkliyindən dərəyə enib Laçın dəhlizinə qalxmalı və yolu bağlamalı idik.

Laçın dəhlizində həddindən artıq çox düşmən əsgəri, polis heyəti və digər qurumların əməkdaşları vardı. Onlar yolboyu əvvəlcədən qazılmış mövqelərdə yerləşmişdilər. Polis və hərbi maşınlarla patrulluq sistemi yaratmışdılar. Düşünürdülər ki, bizim qarşımızı ala biləcəklər.

Noyabrın 4-də səhər saat 5–5:30 radələrində Laçın dəhlizinə qalxırdıq. Hava çox dumanlı və soyuq idi. Düşmən artıq bizim gəldiyimizi müşahidə etmişdi.

Yuxarı komandanlığa səhər saat 6-da məruzə etməli idik. Ancaq başa düşdüm ki, tabor şəklində hərəkət edib döyüşə girsək, tapşırığı vaxtında yerinə yetirə bilməyəcəyik.

Ona görə təchizatı yüngülləşdirilmiş iki xüsusi əməliyyat qrupunun komandirini yanıma çağırdım. Onlara başqa istiqamətdən sürətli şəkildə hərəkət edərək düşmənin diqqətini yayındırmaq tapşırığı verdim. Həmin iki qrupu Laçın istiqamətinə yönəltdim. Onlar düşmənlə açıq döyüşə girərək bütün diqqəti öz üzərlərinə çəkdilər.

Digər şəxsi heyəti sürətli şəkildə Laçın dəhlizinə, Laçın–Şuşa yoluna qaldırdım. Yola çatmağa 50–70 metr qalmış duman çəkildi. Düşmən artıq bizim Laçın–Şuşa yoluna çatdığımızı gördü və üzərimizə mərmi yağdırmağa başladı.

Onlar yüksəklikdə, biz isə aşağıda idik. Təbii ki, onlar bizdən daha əlverişli mövqedə idilər. Amma bizim bir amalımız, bir ruhumuz var idi. Bilirdik ki, bu, son tapşırıqlarımızdan biridir və Qarabağın gözü olan Şuşa şəhərinin azad edilməsinin ən vacib məqamlarından biri məhz bu tapşırığın icrasıdır.

Biz sayca düşməndən çox az idik. Düşmən də bunu görürdü. Bilirdik ki, onlar bizim dilimizi bilir, danışdıqlarımızı başa düşürlər. Ona görə də yanımdakı zabitləri səsləyərək şişirdilmiş saylarla göstərişlər verməyə başladım. Aldadıcı manevr məqsədilə guya yüz nəfərin sağdan, yüz nəfərin soldan, yüz nəfərin isə mərkəzdən hərəkət edəcəyi barədə komandalar verdim.

Bir neçə saniyədən sonra düşmən tərəfindən açılan atəş səngiməyə, azalmağa başladı. Artıq onların qorxaraq qaçdıqlarını düşündük. Elə də oldu.

Biz sürətli şəkildə həmin mövqelərə sıçradıq. Mövqelərə çatanda düşmən qüvvələrinin Laçın şəhəri istiqamətində qaçdıqlarını görürdük. Onlara qaçmağa imkan vermədik. Qaçanlar da zərərsizləşdirildi.

Laçın dəhlizi bağlandı.  Laçın dəhlizinin bağlandığı, artıq Laçın istiqamətindən Şuşa şəhərinə heç bir yardımın, köməyin gələ bilməyəcəyi barədə məruzə etdim.

Bundan sonra Laçın dəhlizində və onun yuxarı hissəsindəki strateji yüksəkliklərdə şəxsi heyəti möhkəmləndirib növbəti tapşırıqların icrası üçün hazırlıqlarımı davam etdirdim.

– Müharibənin ağır sınaqlarından biri, yəqin ki, döyüş yoldaşını itirməkdir...

– Bəli, illərlə bir yerdə xidmət etdiyimiz, bir qabdan yemək yediyimiz, bir evdə yaşadığımız yoldaşlarımız yaralanırdı, şəhid olurdu. Onların yaralanması, şəhid olması bizdəki nifrət hissini, döyüş əzmini daha da gücləndirirdi. Dişimizlə, dırnağımızla onların intiqamını, qisasını almaq istəyirdik. Bu cür birləşirdik, bir-birimizə dəstək olurduq.

– Altı il ərzində müharibə ilə bağlı çox xatirələr danışılıb. Bəs sizin ürəyinizdə qalan, indiyədək danışmağa fürsət tapmadığınız bir hadisə varmı? Bu gün onu bizimlə bölüşmək istərdinizmi?

– Sığınaq kəndindən sonra düşmən pusqusuna məruz qaldığımızı, həmin döyüşdə beş nəfər yaralı verdiyimizi qeyd etdim. Kapitan Dövlətbəy Yunusov da həmin döyüşdə başından yaralanmışdı. Biz Şuşada yerləşdiyimiz zaman kapitan Yunusov mənə yaxınlaşıb dedi ki, komandir, axşamlar gözlərim görmür.

Həmin gün səhər kapitan Yunusovu tibb məntəqəsinə göndərdim. Günortaya yaxın mobil telefon vasitəsilə başının rentgen şəklini mənə göndərdi. Məlum oldu ki, başında snayper gülləsi qalıb. Halbuki həmin döyüşdən artıq 20–25 gün keçmişdi.

Demək istədiyim odur ki, Azərbaycan oğlunun, Azərbaycan əsgərinin əzmi, iradəsi, torpaqlarını düşmən tapdağından azad etmək istəyi öz canından da üstün idi. O, başındakı güllə yarasına, hətta başında qalmış gülləyə belə məhəl qoymurdu. Döyüşünə davam edirdi.