Yanvarın 8-də Qaradağda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş hesabat yığıncağı keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Prezident Administrasiyasının “Ərazi-təşkilat məsələləri şöbəsi”nin 1-ci ərazi sektorunun müdiri Tağı Tağıyev, deputatlar, rayonun hüquq-mühafizə orqanlarının nümayəndələri, aidiyyəti mərkəzi icra hakimiyyəti qurumlarının yerli strukturları, bələdiyyə sədrləri, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd olunub ki, 2025-ci il Azərbaycanda “Konstitusiya və Suverenlik İli” kimi ölkənin siyasi, sosial və iqtisadi həyatında mühüm mərhələ olmuş, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti Qaradağ rayonunda da öz real nəticələrini verib.
Vurğulanıb ki, 2025-ci il ərzində rayonda sənaye, tikinti, nəqliyyat, istehlak bazarı, sosial infrastruktur, məşğulluq, abadlıq və yaşıllaşdırma sahələrində müsbət dinamika qorunmuşdur. Yeni istehsal müəssisələri açılmış, mövcud sənaye obyektləri modernləşdirilmiş, əhalinin məşğulluğunun artırılması istiqamətində mühüm addımlar atılıb.
Bildirilib ki, Prezident İlham Əliyevin Qaradağ rayonunda “Mətanat-A” şirkətinin “AZVUL” mineral daş yunu zavodunun açılışında şəxsən iştirakı rayona göstərilən yüksək dövlət diqqətinin bariz nümunəsidir. Bu açılış Qaradağın ölkənin sənaye potensialının inkişafında mühüm rol oynadığını bir daha təsdiqləyib.
Eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri xanım Leyla Əliyevanın Qaradağ rayonunun Qobustan qəsəbəsində 1,5 hektar sahədə yeni salınmış parkın açılışında iştirakı rayon sakinləri tərəfindən böyük məmnunluqla qarşılanıb. Sözügedən park ərazidə ekoloji mühitin yaxşılaşdırılmasına, əhalinin istirahət imkanlarının genişləndirilməsinə və sağlam həyat tərzinin təşviqinə xidmət edir.
Hesabat yığıncağında təhsil, səhiyyə, sosial müdafiə və idman sahələrində əldə olunan nailiyyətlər də diqqətə çatdırılmış, aztəminatlı ailələr, şəhid ailələri və qazilər, əlilliyi olan şəxslər və tənha yaşlıların sosial müdafiəsinin daim diqqət mərkəzində saxlanıldığı vurğulanıb.
Sonda qeyd olunub ki, 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi Qaradağ rayonunun planlı inkişafı, müasir şəhərsalma prinsiplərinin tətbiqi və yaşayış mühitinin daha da yaxşılaşdırılması üçün yeni imkanlar yaradır.
Son xəbərlər
Son Xəbərlər