İranda davam edən genişmiqyaslı etiraz aksiyaları fonunda Portuqaliya Tehrandakı səfirliyinin fəaliyyətini müvəqqəti dayandırmaq barədə qərar qəbul edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Portuqaliya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Rəsmi Lissabon bu addımı bölgədəki gərgin vəziyyət və potensial silahlı toqquşma ehtimalı ilə əlaqələndirib. Nazirlik həmçinin ölkədə olan Portuqaliya vətəndaşlarına müraciət edərək, onları dərhal İranı tərk etməyə çağırıb.
Məlumata görə, artıq 8 Portuqaliya vətəndaşı ölkədən çıxarılıb, bəziləri isə hazırda təxliyə olunmaq üzrədir. Bununla belə, 10 vətəndaşın (onlardan 7-si ikili vətəndaşlığa malikdir) İranda qalmağa qərar verdiyi bildirilir. Portuqaliya XİN bölgədəki hazırkı situasiyanın təhlükəli olduğunu vurğulayaraq, vətəndaşlarına bu ölkəyə hər hansı səfərlərdən qətiyyətlə çəkinməyi tövsiyə edib.
Qeyd edək ki, Portuqaliyadan əvvəl Böyük Britaniya və Fransa da Tehrandakı diplomatik nümayəndəliklərinin fəaliyyətini məhdudlaşdıraraq heyətin bir hissəsini təxliyə etmişdi.
Son xəbərlər
Son Xəbərlər