“İnsan itkilərini heç vaxt bərpa edə bilməyəcəyik” - Ermənistan Prezidenti sülhdən danışdı

insan-itkilerini-hec-vaxt-berpa-ede-bilmeyeceyik
Oxunma sayı: 902

“Ermənistan və Azərbaycan arasında başa çatan hərbi münaqişədəki insan itkilərinin yerini heç nə ilə doldurmaq olmaz. İki ölkənin liderlərinin iradəsi olmasaydı, bu müharibə sonsuz davam edərdi”.

“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, Dünya İqtisadi Forumunda bunu deyən Ermənistan Prezidenti Vaaqn Xaçatryan hər iki dövlətin rəhbərliyinin sülh və rifah yolunu seçdiyini də bildirib.

“Demək istəyirəm ki, sülh sazişini paraflamağa nail olduq, çünki hər iki ölkənin siyasi liderləri buna hazır idi. Bu da məsələnin həllinə kömək etdi. Əks halda, mən cənab (Azərbaycan Prezidenti İlham Əliyev - red.) Əliyevlə razılaşaram, hər şey heç nə vəd etməyən gələcəklə sonsuza qədər davam edəcəkdi”, - o qeyd edib.

Xaçatryanın sözlərinə görə, iki dövlətin liderləri öz xalqlarının gələcəyini, sülh və rifah yolunu seçiblər:

“İnsan itkilərini heç vaxt bərpa edə bilməyəcəyik. Məhz buna görə də siyasi liderlərin münaqişələrin sülh yolu ilə həllində rolu son dərəcə vacibdir. Hər şey liderlərin cəsarətindən, müvəqqəti məsələləri kənara qoyub strateji hədəflərə doğru irəli baxmaq qabiliyyətindən asılıdır. Məhz bu, ölkələrin uğurunu müəyyən edir. Bu, hər şeydən üstündür”.