Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır - İrana görə

herbi-bazalar-bosaldilir-ucuslar-dayandirilir
Oxunma sayı: 503

Bir sıra ölkələr İranla əlaqədar ardıcıl təhlükəsizlik tədbirləri görməyə başlayıb.

“Qafqazinfo” xəbər verir ki, İsrail Nevatim Hava Bazasını qismən boşaldıb.

ABŞ və Böyük Britaniya Qətərdə yerləşən hərbi bazalarından qüvvələrini çıxarmaq qərarı verib. Eyni zamanda, İrana doğru hərəkət edən çoxsaylı gəmilər İran limanlarına daxil olmaq əvəzinə beynəlxalq sularda lövbər salıb.

Məlumatlara görə, İsrail Hərbi Hava Qüvvələri Nevatim Hava Bazasını qismən təxliyə etməyə başlayıb. Bu addım regionda təhlükəsizlik risklərinin artması fonunda atılıb.

İrana mümkün hərbi müdaxilə ehtimalı səbəbindən ABŞ Hərbi Hava Qüvvələri Qətərdə yerləşən Əl-Udeyd Hava Bazasından hərbi təyyarələrin çıxarılmasına başlayıb. Bildirilir ki, ən azı altı KC-135 yanacaqdoldurma təyyarəsi bazadan havaya qalxıb.

Britaniya mediasının məlumatına görə, ABŞ-dən sonra Böyük Britaniya da Əl-Udeyd Hava Bazasındakı qoşunlarını geri çəkmək qərarı verib. Böyük Britaniya Müdafiə Nazirliyinin sözçüsü təhlükəsizlik səbəbilə qoşunların yerləşdirilməsi və geri çəkilməsi ilə bağlı detalları açıqlamayacaqlarını bildirib və əsas prioritetin şəxsi heyətin təhlükəsizliyi olduğunu vurğulayıb.

Bundan başqa, Cənubi Kiprdəki Britaniya hava bazasından bir tanker təyyarəsinin Qətərdəki bazaya doğru hərəkət etdiyi də qeyd olunur.

Almaniya hökuməti vəziyyətlə əlaqədar NOTAM yayıb. Bunun ardınca Almaniyanın “Lufthansa” aviaşirkəti İsrail və İrana bütün uçuşları dayandırıb. Almaniya hakimiyyəti aviaşirkətlərə İran hava məkanından istifadə etməmək barədə rəsmi xəbərdarlıq göndərib.

İtaliya Xarici İşlər Nazirliyi İranda olan və ölkəni tərk etmək imkanı olan İtaliya vətəndaşlarını bunu dərhal etməyə çağırıb. Polşa Xarici İşlər Nazirliyi də bölgədəki son hadisələr fonunda vətəndaşlarına “İranı dərhal tərk etmələri” barədə xəbərdarlıq edib.