Hansıyar Babayev səhiyyə idarəçiliyinin müasir prinsiplərindən danışdı - Fotolar

hansiyar-babayev-sehiyye-idareciliyinin-muasir-prinsiplerinden-danisdi
Oxunma sayı: 636

Azərbaycan Təlim və İnkişaf Mərkəzi və “From Science to Health” qurumları tərəfindən həyata keçirilən Ali Səhiyyə Menecmenti Akademiyasının II sessiyası çərçivəsində ikinci həftə təlimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, səhiyyə idarəçiliyi sahəsində peşəkar bilik və təcrübə mübadiləsinə həsr olunan təlimdə səhiyyə müəssisələrinin rəhbərləri, menecerlər və sahə üzrə mütəxəssislər iştirak ediblər.

Tədbirin moderatoru səhiyyə menecmenti üzrə uzman və doktorant Fəqan Həsənzadə olub.

Təlim proqramı çərçivəsində ilk məruzəçi Referans Medical Group-un Müşahidə Şurasının sədri Hansıyar Babayev olub. O, “Xəstəxana şəbəkəsinin qurulması və qurumlararası koordinasiya” mövzusunda təqdimatla çıxış edərək müasir səhiyyə sistemində effektiv idarəetmə modellərinin formalaşdırılması, xəstəxana şəbəkələrinin strateji inkişafı və müəssisələrarası əməkdaşlığın əhəmiyyəti barədə geniş məlumat verib.

Təqdimat zamanı müasir səhiyyədə uğurlu nəticələrin əldə olunması üçün düzgün qurulmuş idarəetmə sistemi, koordinasiyalı fəaliyyət və vahid standartların tətbiqinin mühüm rol oynadığı vurğulanıb. Xəstəxanalar arasında inteqrasiya olunmuş idarəetmə yanaşmasının pasiyent məmnuniyyətinin artırılmasına, resurslardan daha səmərəli istifadəyə və xidmət keyfiyyətinin davamlı yüksəldilməsinə imkan yaratdığı diqqətə çatdırılıb.

Təqdimatda səhiyyə müəssisələrinin strateji planlaşdırılması, insan resurslarının effektiv idarə olunması, pasiyentyönümlü xidmət modelinin qurulması, institusional əməkdaşlığın gücləndirilməsi və müasir texnologiyaların idarəetməyə inteqrasiyası istiqamətində mühüm məqamlar diqqətə çatdırılıb. Hansıyar Babayev həmçinin beynəlxalq səhiyyə idarəçiliyi təcrübələrinin öyrənilməsi və yerli səhiyyə sistemində tətbiqinin əhəmiyyətindən danışıb.

Təlim iştirakçıların böyük marağı ilə qarşılanıb. Təqdimatdan sonra mövzular ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb və səhiyyə idarəçiliyinin aktual istiqamətləri müzakirə olunub.