“Bu səhvim məni 700 baldan ayırdı” - Ölkə birincisi

bu-sehvim-meni-700-baldan-ayirdi
Oxunma sayı: 1734

Xəbər verdiyimiz kimi, I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb.

“Qafqazinfo”nun məlumatına görə, Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu Aysu Əliyeva IV ixtisas qrupu üzrə 693.6 bal toplayaraq ən yüksək nəticəni göstərib.

Ölkə birincisi olan Aysu sevincini bizimlə bölüşüb:

“Ölkə birincisi olmaq çox qürurverici hissdir. Əziyyətlərimin bəhrəsini gördüyüm üçün çox xoşbəxtəm. Mənə bu yolda dəstək olan hər kəsə təşəkkür edirəm. Günümün çox hissəsini dərslərimə ayırsam da, dostlarımla vaxt keçirməyə və dincəlməyə də zaman tapırdım. Düşünürəm ki, yüksək nəticə üçün planlı hazırlaşmaq və yuxu rejiminə diqqət yetirmək lazımdır. Buraxılış imtahanındakı 1-2 diqqətsizlik səhvim məni 700 baldan ayırdı.

Fizika fənninə xüsusi marağım olub. Təhsil müddətində Respublika Fənn Müsabiqələrində (RFM) gümüş, Respublika Fənn Olimpiadalarında (RFO) isə bürünc medal qazanmışam. Azərbaycan Tibb Universitetində (ATU) təhsil alıb, daha sonra xaricdə biliklərimi daha yüksək səviyyəyə daşımağı hədəfləyirəm.

Bütün abituriyentlərə masa arxasına keçərkən xəyallarındakı peşəni düşünüb, nə üçün çalışdıqlarını yada salmağı tövsiyə edirəm. Düzgün rejim və daim çalışmaq uğurun sirridir”.

Bəsti Məmməd