“Şəmkirin “Kraz yolu” adlanan yaşayış massivinə gedən yolda çuxurların sayı və ölçüsü o həddə çatıb ki, bəzi hissələrdə hərəkət etmək mümkün deyil...”
Bu şikayətlə “Qafqazinfo”ya Şəmkir sakini Əfqan İslamlı müraciət edib.
Vətəndaş bildirib ki, təxminən 2 kilometr uzunluğunda olan yol sahəsində asfalt örtüyü tamamilə sıradan çıxıb: “Vəziyyət acınacaqlıdır, diametri 1 metrə, dərinliyi isə 20 santimetrə çatan çuxurlar əmələ gəlib. Bu problem dünənin, bu günün işi deyil, Şəmkir- Gədəbəy yolunda hərəkət edən ağır tonnajlı yük maşınlarının uzun illər ərzində yoldan intensiv istifadə etməsi nəticəsində yaranıb”.
Şikayətçi həmçinin qeyd edib ki, yolun deformasiyası tədricən artsa da, son 15 il ərzində burada əsaslı təmir işləri aparılmayıb: “Yolun bərbad vəziyyəti nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirir, avtomobillərə ciddi ziyan vurur və xüsusilə yağışlı havalarda bizim üçün əlavə problemlər yaradır. İstəyirik ki, bununla bağlı tezliklə tədbir görülsün”.
Məsələ ilə bağlı Şəki Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan cavab olaraq bildirildi ki, Şəmkir - Gədəbəy avtomobil yolunun Şəmkir şəhərinə aid hissəsi Səməd Vurğun küçəsindən keçir: “Həmin küçənin yol örtüyü əsaslı təmir olunur və zərurət yarandığı hallarda Şəmkir RİH tərəfindən cari təmir işləri aparılır. Sözügedən “Kraz yolu” adlanan yol isə Səməd Vurğun küçəsinə paralel yerləşir.
Şəmkir - Gədəbəy yoluna alternativ olaraq əsasən ağır tonnajlı nəqliyyat vasitələrinin hərəkəti üçün inşa edilib. Yolun sıradan çıxmış hissələrində cari təmir işlərinin aparılması Şəmkir Rayon İcra Hakimiyyətinin növbəti dövr üçün layihə planında nəzərdə tutulub”.
Fidan Etibar
Son xəbərlər
Son Xəbərlər