“Biz ona doqquzuncu nömrəni verəcəyik” - Tramp

biz-ona-doqquzuncu-nomreni-vereceyik
Oxunma sayı: 920

ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdə daha bir münaqişənin nizamlanması üçün vasitəçilik etməyə hazır olduğunu bəyan edib.

“Qafqazinfo” xəbər verir ki, Amerika lideri Britaniyanın “The Daily Mail” nəşrinə verdiyi müsahibədə Səudiyyə Ərəbistanı və Yəməndəki Cənub Keçid Şurası (9 yanvarda özünü buraxdığını elan etsə də, daha sonra bunu təkzib etdilər – red.) arasındakı gərginliyi diqqət mərkəzinə gətirib.

Tramp bu münaqişəni özünün sülh gündəliyindəki növbəti hədəf kimi xarakterizə edib:

“Düşünürəm ki, bu, bizim məşğul olmalı olacağımız növbəti müharibədir. Biz ona doqquzuncu nömrəni verəcəyik”.

Qeyd edək ki, Prezidentin bu ifadəsi onun hakimiyyətə gəldiyi gündən bəri dayandırmağa və ya həll etməyə çalışdığı regional münaqişələrin sayına (Ukrayna, Qəzza, Livan və s.) işarədir. Tramp vurğulayıb ki, ABŞ-nin regiondakı strateji müttəfiqi olan Səudiyyə Ərəbistanının təhlükəsizliyi və Yəməndə sabitliyin bərpası üçün bu məsələnin həlli qaçılmazdır.