Azərbaycan nümayəndə heyəti QS sammitində - Fotolar

azerbaycan-numayende-heyeti-qs-sammitinde
Oxunma sayı: 527

24–25 iyun tarixlərində Macarıstanın Budapeşt şəhərində “QS Higher Ed Summit: Europe 2026” sammiti keçirilir. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi (EATDA) məlumat yayıb. 

Bildirilib ki, bu gün sammitin rəsmi açılış mərasimi baş tutub.

Ali təhsilin gələcəyinə dair qlobal çağırışların və inkişaf perspektivlərinin müzakirə olunduğu sammit dünyanın müxtəlif ölkələrindən universitet rəhbərlərini, beynəlxalq ekspertləri, qərarvericiləri və sənaye nümayəndələrini bir araya gətirir.

Tədbir çərçivəsində ali təhsil müəssisələrinin strateji inkişafı, beynəlxalq reytinqlərdə mövqelərin möhkəmləndirilməsi, süni intellekt dövründə dəyişən bacarıq tələbləri, universitet-sənaye əməkdaşlığı, rəqəmsal transformasiya və beynəlxalq tərəfdaşlıqlar kimi aktual mövzular müzakirə olunur.

Sammitdə Azərbaycanı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, “Study in Azerbaijan” layihəsi, eləcə də ölkəmizin aparıcı ali təhsil müəssisələrinin rektorları və nümayəndələrindən ibarət heyət təmsil edir.

Sammit Azərbaycanın ali təhsil sisteminin beynəlxalq akademik məkana inteqrasiyasının gücləndirilməsi, yerli universitetlərin beynəlxalq miqyasda tanıdılması, yeni tərəfdaşlıqların qurulması və ölkənin ali təhsil potensialının beynəlxalq auditoriyaya təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyır.