Quba Rayon Mərkəzi Xəstəxanasında faciəvi hadisə baş verib.
“Qafqazinfo” “Shimal.news”a istinadən xəbər verir ki, 5 aylıq hamilə olan gənc qadın vəfat edib.
İddialara əsasən, mərhuma antibiotik iynəsi vurulduqdan sonra vəziyyəti qəfil ağırlaşıb.
Onun bir uşağının olduğu bildirilir.
Məsələ ilə bağlı aidiyyəti qurumlara sorğu ünvanlanıb.
Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.
***
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, ötən gün saat 01:00 radələrində 1 nəfər (qadın) aqonal vəziyyətdə Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
“2003-cü il təvəllüdlü hamiləyə anafilaktik şok (seftriakson inyeksiyasına qarşı), IV dərəcəli anafilaktik şok, ölü döl diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.
Pasiyent qəbul zamanı aqonal vəziyyətdə olub, ürək fəaliyyəti və ritmi qeydə alınmayıb. Ürəyin qapalı masajı və digər zəruri reanimasiya tədbirləri həyata keçirilib, pasiyentin həyat fəaliyyəti bərpa edilib.
Daha sonra tibbi göstəriş əsasında pasiyent üzərində cərrahi əməliyyat icra olunaraq ölü döl xaric edilib. Pasiyentin müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilib.
Lakin pasiyent aparılan reanimasiya tədbirlərinə cavab verməyib və 15.07.2026-cı il tarixində saat 17:10 radələrində onun bioloji ölüm faktı qeydə alınıb. Meyit təşrih olunması üçün Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsinə təhvil verilib”, - məlumatda qeyd edilib.
Son xəbərlər
Son Xəbərlər