“İrana qarşı hərbi əməliyyat o halda faydalı olacaq ki, rəsmi Tehrandan nüvə silahı yaratmaq planlarından uzunmüddətli imtina qərarı almaq mümkün olsun”.
“Qafqazinfo” xəbər verir ki, bu bəyanatla ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vens Co Roqanın podkastında çıxışı zamanı çıxış edib.
Vitse-prezident Vaşinqtonun əsas şərtini açıqlayıb:
“Əgər biz elə bir şərait yarada bilsək ki, İrandan təkcə hazırda nüvə silahına sahib olmamağı deyil, həm də gələcəkdə onu yaratmaq potensialını bərpa etməyəcəyinə dair öhdəlik ala bilsək, bu halda əməliyyatı faydalı hesab etmək olar. Məhz belə bir nəticə əldə olunacağı təqdirdə ABŞ baş verənləri “müsbət və faydalı yekun” kimi dəyərləndirəcək”.
Xatırladaq ki, bundan əvvəl vitse-prezident İranın Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) müfəttişlərini öz nüvə obyektlərinə dəvət etdiyini bildirmişdi. Onun fikrincə, bu addım İranın nüvə proqramının tamamilə dayandırılması və ya başa çatması deməkdir. Vens ABŞ-nin İrandan məhz bunu tələb etdiyini xüsusi vurğulamışdı.
Qeyd edək ki, iyunun 18-də ABŞ və İran hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan və danışıqların yeni mərhələsinə yol açan 60 günlük müvəqqəti anlaşma memorandumu imzalamışdılar. Lakin bu sənədin imzalanmasından cəmi bir neçə gün sonra Vaşinqton Tehranı Hörmüz boğazında atəşkəs rejimini pozmaqda ittiham etdi. İran tərəfi də öz növbəsində ABŞ hərbçilərini onlara zərbələr endirməkdə günahlandırıb.
Son xəbərlər
Son Xəbərlər