Ağacda dünyaya gəlmişdi - 25 yaşında öldü - Fotolar

agacda-dunyaya-gelmisdi
Oxunma sayı: 2083

2000-ci ildə Mozambikdə baş verən dağıdıcı daşqın zamanı anasının dırmaşdığı ağacın zirvəsində dünyaya gələn və bütün dünyada “möcüzəli körpə” kimi tanınan Rosita Salvador Mabuiango 25 yaşında vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, Mozambik tarixinin ən dağıdıcı daşqınlarından biri zamanı, yeni doğulmuş Rosita və anası Karolina Sesiliya Çirindza Cənubi Afrika hərbi helikopteri tərəfindən sular altında qalan bölgədən xilas edilmişdi. Bu anlar fəlakətin simvolik görüntülərindən birinə çevrilmişdi.

Prezident Daniel Çapo Rositanın ölümündən sonra verdiyi açıqlamada onu ölkədəki qız uşaqları üçün simvol adlandırıb.

2000-ci ilin fevral ayında Limpopo çayının daşması nəticəsində yüzlərlə insan həyatını itirmiş, yüz minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalmışdı. Rositanın anası Karolina Çirindza iki azyaşlı uşağı ilə birlikdə ağaca dırmaşaraq, dörd gün ərzində digər 15 nəfərlə birlikdə aç və susuz xilasetməni gözləmişdi.

Çərşənbə səhəri doğuş sancıları başlayan Karolina ağacın zirvəsində Rositanı dünyaya gətirmiş, qısa müddət sonra bölgədə xilasetmə əməliyyatı aparan Cənubi Afrika hərbi helikopteri tərəfindən aşkar edilmişdi. Ana və körpənin xilas anları televiziya kameraları tərəfindən saniyə-saniyə qeydə alınmışdı.

2000-ci ilin sonunda ana və qız ABŞ-yə dəvət olunaraq Konqres qarşısında çıxış etmiş və fəlakətlə bağlı məlumatlılığın artırılmasına kömək etmişdilər.

Rositanın bacısı Seliya Salvador onun ölüm xəbərini təsdiqləyərək, bacısının uzunmüddətli xəstəlikdən sonra vəfat etdiyini bildirib. Qeyd edilib ki, Rosita illərdir anemiya ilə mübarizə aparıb. Vəziyyətin pisləşməsi səbəbindən iki həftədən artıq xəstəxanada müalicə alıb, lakin həyat uğrunda mübarizəni uduzub.

Rosita doğulduğu Çibuto kəndində böyümüş və orada orta məktəbi bitirmişdi. Beş il əvvəl özü də qız uşağı dünyaya gətirmişdi.