Yasamalda qazilərlə görüş keçirildi - Fotolar

yasamalda-qazilerle-gorus-kecirildi
Oxunma sayı: 423

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində 26 İyun – Silahlı Qüvvələri Günü münasibətilə Yasamal Rayon İcra Hakimiyyəti,Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatı və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal Rayon İdarəsinin birgə təşkilatçılığı ilə “Müzəffər Azərbaycanın Silahlı Qüvvələri” mövzusunda tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Daha sonra Dövlət Himni səsləndirilib və Silahlı Qüvvələr Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Azərbaycan Ordusunun keçdiyi şərəfli inkişaf yolundan, ölkəmizin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışaraq Silahlı Qüvvələr Gününün əhəmiyyətini vurğulayıb.

Tədbirdə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov Azərbaycan Ordusunun dövlətçiliyimizin əsas dayaqlarından biri olduğunu qeyd edib. Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi ordu quruculuğu strategiyası Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilərək Azərbaycan Ordusunu regionun ən güclü hərbi qüvvəsinə çevirib. İcra başçısı vurğulayıb ki, müasir silah və texnika ilə təchiz olunan, yüksək peşəkarlığa malik şəxsi heyətə sahib Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində və sonrakı dövrdə həyata keçirilən uğurlu əməliyyatlarda xalqımızın qəhrəmanlıq salnaməsini yazıb.

Elşad Həsənov çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunduğunu, bunun Azərbaycan hərb tarixinin ən parlaq səhifələrindən biri kimi yadda qaldığını diqqətə çatdırıb. O, şəhidlərin əziz xatirəsinin daim uca tutulduğunu, qazilərə və müharibə iştirakçılarına göstərilən dövlət qayğısının sosial siyasətin mühüm istiqamətlərindən biri olduğunu qeyd edib. Azərbaycan Ordusunun əldə etdiyi nailiyyətlərin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynadığını vurğulayaraq tədbir iştirakçılarını Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib, ordumuzun şəxsi heyətinə yeni uğurlar arzulayıb.

Sonra Milli Müdafiə Universitetinin Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin rəisi, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov, Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov, “Xüsusi Təyinatlıların Qaziləri,

Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin Yasamal rayon filialının sədri, ehtiyatda olan kapitan Şamxal Ağayev və Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı Qəzənfər Ağayev çıxış edərək Azərbaycan Silahlı Qüvvələrinin şanlı döyüş yolundan, Vətən müharibəsində qazanılan tarixi Qələbədən və gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin əhəmiyyətindən bəhs ediblər.

Tədbirin sonunda 26 İyun – Silahlı Qüvvələri Günü münasibətilə bir qrup şəxsə Yasamal Rayon İcra Hakimiyyətinin fəxri fərmanları, həmçinin Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının fəxri fərman və təşəkkürnamələri təqdim olunub.

Sonda xatirə şəkli çəkdirilib.