Ölkənin aparıcı banklarından olan “Xalq Bank” 2025-ci ili 61 mln manat mənfəətlə tamamladı. İl ərzində əsas maliyyə göstəricilərində artım nümayiş etdirən bankın aktivlərinin həcmi ötən ilin sonu ilə müqayisədə 4 % artaraq hesabat dövrünün sonuna 3,184 mlrd manat təşkil edib.
Kredit portfelinin həcmi 1,912 mlrd manat təşkil etmiş, depozit portfelinin həcmi 2024-cü ilin sonu ilə müqayisədə 7% artaraq 2,097 mlrd manat təşkil edib.
Bankın cəmi kapitalı artaraq 542.5 mln manata çatmışdır ki, bu da 2024-cü ilin analoji dövrünün sonu ilə müqayisədə 6 % çoxdur. 2025-ci ilin sonuna bankın faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 24 % artaraq 228,6 mln manata, qeyri-faiz gəlirləri isə 22 % artaraq 52,3 mln manata yüksəlib.
2025-ci ildə “Moody’s Ratings” beynəlxalq reytinq agentliyi “Xalq Bank” fəaliyyətini təhlil edərək kredit ödəmə qabiliyyətinin baza səviyyəsini (Baseline Credit Assessments) b1 səviyyəsində təsdiqləyib. Agentlik bankın reytinq üzrə proqnozu “stabil” olmaqla, yerli və xarici valyutada uzunmüddətli depozit reytinqini Ba3 səviyyəsində, yerli və xarici valyutada qısamüddətli və uzunmüddətli kontragent risk reytinqini (CRR) Ba2/NP səviyyəsində təsdiqləyib. “Moody’s Ratings” ekspertləri BCA b1 qiymətləndirməsini bankın möhkəm gəlirlilik qabiliyyəti, güclü kapitalı və sabit depozit portfelinə əsaslanan sağlam maliyyə və likvidlik mövqeyi ilə əlaqələndirir.
2025-ci il ərzində bank maliyyə dayanıqlığının gücləndirilməsi, kapital bazarlarına çıxışın genişləndirilməsi və sosial-mədəni təşəbbüslər üzrə fəaliyyətini genişləndirib.
“Xalq Bank” ölkədə investisiya xidmətləri üzrə lisenziya alan ilk bank olaraq kapital bazarlarında iştirakını genişləndirib, Milli Depozit Mərkəzinə və Bakı Fond Birjasına üzv olmaqla qiymətli kağızların emissiyası və dövriyyəsində birbaşa iştirak edən aparıcı maliyyə institutlarından birinə çevrilib. 2025-ci ilin dekabr ayında “Xalq Bank” istiqraz buraxılışını həyata keçirərək investorlar üçün yeni investisiya imkanları yaratıb. Eyni zamanda, bank 2025-ci ildə nizamnamə kapitalını 446.6 mln manata artırmaqla özünün maliyyə dayanıqlığını möhkəmləndirib.
“Xalq Bank” 2025-ci ildə beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində fəaliyyətini genişləndirib, törəmə maliyyə alətləri üzrə əməliyyatların həyata keçirilməsi məqsədilə “Xalq Bank” və “Commerzbank AG” arasında beynəlxalq təcrübəyə əsaslanan və bazar üçün mühüm əhəmiyyət daşıyan ISDA razılaşması əldə edilib.
2025-ci ildə “XalqOnline” internet və mobil bankçılıq sistemində SİMA yeni nəsil rəqəmsal imzanın inteqrasiyası bank əməliyyatlarının daha təhlükəsiz, sürətli və rahat həyata keçirilməsinə imkan yaradıb, müştərilərin məsafədən bankçılıq xidmətlərinə çıxışını daha da genişləndirib.
Ötən il ərzində sosial-mədəni təşəbbüslər çərçivəsində “Xalq Bank”ın “Xalq Əmanəti” layihəsi üzrə 2 nəşri təqdim edilib. Layihənin 25-ci buraxılışı Güney Azərbaycan poeziyasına, 26-cı nəşri isə Azərbaycanın görkəmli rəssamı, dəzgah boyakarlığının banisi Mirzə Qədim İrəvaninin həyat və yaradıcılığından bəhs edən bədii alboma həsr olunub. Bu kitablar layihə çərçivəsində nəşr olunmuş digər nüsxələr kimi milli-mədəni irsin qorunmasına töhfə verib.
2025-ci ildə “Xalq Bank” idman və ictimai tərəfdaşlıqlar üzrə fəaliyyətini genişləndirib, Azərbaycan Boks Federasiyasına üzv olaraq sağlam həyat tərzinin təşviqi və idman infrastrukturunun inkişafına dəstəyini nümayiş etdirib. Həmçinin bank gənc istedadların inkişafını dəstəkləyərək 31 avqust – 5 sentyabr 2025-ci il tarixlərdə Bakıda keçirilmiş 49-cu Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin (ICPC – International Collegiate Programming Contest) dünya finalının tərəfdaşı kimi çıxış edib.