WUF tarixində bu tədbir ilk dəfə Bakıda keçirildi - Fotolar

wuf-tarixinde-bu-tedbir-ilk-defe-bakida-kecirildi
Oxunma sayı: 935

Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində “WUF13 QHT forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə” forumu keçirilir.

“Qafqazinfo” xəbər verir ki, sözügedən tədbir Azərbaycanın təşəbbüsü ilə WUF tarixində ilk dəfə təşkil olunub.

Tədbirin açılışında iştirak edən BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax sözügedən forumun keçirilməsinin tarixi məqam olduğunu deyib.

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin sözlərinə görə, şəhərsalma forumu QHT-ləri bir araya toplamadan olmazdı: “QHT forumu ilə şəhərsalma forumu bir biri ilə əməkdaşlıq edir. Bildiyiniz kimi, Azərbaycan ünsiyyətin qurulması baxımından QHT-lərə, vətəndaş cəmiyyəti təşkilatlarına xüsusi diqqət yetirir. Azərbaycan fondlara çıxış imkanları yaradır, qrantlar ayırır. Vətəndaş cəmiyyəti təşkilatlarının dayanıqlı inkişaf məqsədlərinə çatmaqda rolu çox yüksəkdir. Ölkəmizin minalarla çirklənmiş torpaqlarının təmizlənməsində onların təşəbbüslərindən istifadə edirik. Azərbaycanın vətəndaş cəmiyyəti təşkilatları yalnız ölkəmizin sərhədləri daxilində deyil. Belə ki, Qlobal Cənub  QHT platforması keçən il təşkil edilib və artıq  uğur hekayəsinə çevrilib”.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) sabiq icraçı direktoru, hazırda Malayziya hökumətinin dayanıqlı urbanizasiya üzrə müşaviri Maimuna Mohd Şərif isə qeyd edib ki, bu forum vətəndaş cəmiyyəti nümayəndələrini, yerli icma liderlərini və beynəlxalq tərəfdaşları ortaq problemlərin müzakirəsi üçün bir araya gətirir. 

Onun sözlərinə görə, tərəfdaşlıq mexanizmləri qərar qəbuletmə prosesinə birbaşa təsir göstərir: “Sürətli urbanizasiya fonunda mənzil təminatı, sosial bərabərsizlik və iqlim dayanıqlılığı məsələləri insanların gündəlik həyatına birbaşa təsir edir. QHT-lər yalnız qlobal forumların iştirakçısı deyil, həm də insanlar, siyasət və praktika arasında əlaqələndirici qüvvədir”.

BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisinin (The United Nations Office for South-South Cooperation (UNOSSC) direktoru Dima Al-Khatib “Global South NGO Platform”u fantastik layihə adlandırıb və bu platformanın Bakıda təsis olunmasına görə Azərbaycanı təbrik edib.

O, GSNP-in tərəfdaşlığı ilə keçirilən bu forumda mühüm mövzuların müzakirə edildiyini bildirib. Dima Al-Khatib qeyd edib ki, dünya əhalisinin artıq yarıdan çoxu şəhərlərdə yaşayır və 2050-ci ilə qədər bu rəqəm 70%-ə çatacaq. Onun sözlərinə görə, Qlobal Cənubda şəhərlər iqlim dəyişmələri, su böhranı, miqrasiya, mənzil çatışmazlığı və infrastruktur boşluqları ilə əlaqədar təzyiqlərlə getdikcə daha çox üzləşirlər.

WUF13 Təşkilat Komitəsinin üzvü, Azərbaycanın QHT Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva bildirib ki, təmsil etdiyi qurum yerli və xarici QHT-lər arasında sağlam münasibətlərin formalaşmasına, o cümlədən şəhərsalma istiqaməti üzrə əlaqələrin inkişafına bundan sonra da töhfə verəcək.

“UN-Habitat”ın İdarə Heyətinin sabiq katibi Christian Mensah GSNP-ni WUF13-də yerli və xarici QHT-lər üçün vətəndaş cəmiyyəti habı yaratması münasibətilə təbrik edib. O, bildirib ki, hazırkı mürəkkəb beynəlxalq şəraitdə “Bandunq prinsipləri” yenidən aktuallıq qazanır və bu tədbir həmin prinsiplərin əməkdaşlıq və çoxtərəfli tərəfdaşlıq müstəvisində tətbiqinin real təzahürüdür. 

GSNP Baş katibinin Latın Amerikası regionu üzrə müavini, Ekvadorun sabiq xarici işlər naziri Luis Gallegos vurğulayıb ki, qlobal tərəfdaşlıq yalnız dövlətlərlə məhdudlaşmır, beynəlxalq təşkilatlar, özəl sektor, QHT-lər, yerli icmalar, akademik dairələr və digər maraqlı tərəflər də bu prosesdə iştirak etməlidir.

Açılış mərasimindən sonra “Davamlı və inklüziv şəhər inkişafı” mövzusunda panel müzakirəsi aparılıb.n Azərbaycan parlamentinin üzvü Nigar Arpadarainin moderatorluğu ilə keçirilən paneldə Keniyanın “TUBAE” və “CgoK” təşkilatlarının nümayəndəsi Eliud Emeri, Omanın “Gələcək Şəhərlərin Qadınları” təşkilatının sədri, futuroloq və ağıllı şəhərlər üzrə ekpert Laila Al Hadhrami, Mərkəzi Afrika Respublikasının “PEP Africa”nın (Pan-African Empowerment Platform) sədri Melvine Wajiri Lynwe, GSNP Baş katibi Fuad Kərimli, BMT-nin Könüllülər Proqramının Avropa və Mərkəzi Asiya üzrə regional koordinatoru Zarina Mirabdullayeva spikerlər qismində çıxışlar edib. Müzakirələrdə WUF13-də təmsil olunan yerli və xarici QHT-lərin GSNP-nin Urban qanadını formalaşdırması təklif olunub.

“WUF13 NGO Forum”da 800-ə yaxın xarici və yerli QHT təmsilçiləri iştirak edib.

Günel İbrahimova

Fotolar: Xəyal Vəlizadə